Bu ölkədə koronavirusa 1 nəfər yoluxub, o da sağalıb

bu-olkede-koronavirusa-1-nefer-yoluxub-o-da-sagalib
Oxunma sayı: 6478

Dünyada yaranan epidemioloji vəziyyətlə bağlı statistikaların təqdim olunduğu worldometers.info saytında COVID-19 virusunun dünyanın 167 ölkəsinə və  beynəlxalq nəqliyyata (Yaponiyanın Yokohama şəhərində yerləşən Diamond Princess kruiz gəmisi) təsir göstərdiyi qeyd olunur. 

“Qafqazinfo” sözügedən sayta istinadən hazırkı dünya vəziyyəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırır:

Hazırkı statistikaya əsasən 200 100 dünyada koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 82 813 nəfəri sağalıb, 8,010 nəfəri isə dünyasını dəyişib. Aktiv koronavirus xəstəsinin sayı isə 109 277 nəfərdir. 
Yoluxanların böyük əksəriyyəti, yəni, 80 894 nəfəri Çin vətəndaşıdır. Hazırkı statistikaya görə, onlardan 70 minə yaxını sağalıb və ölkədə sadəcə 8 min nəfərdə aktiv virus halı müşahidə olunur.

Virusun yayılma sürəti böyük olan ikinci ölkə isə İtaliya göstərilir. Ölkədə 31 506 nəfər virusa yoluxub ki, onlardan təqribən 26 mini hazırda aktiv xəstədir.

Statistikaya nəzər saldıqda yoluxma halının 3-cü böyük yayıldığı ölkə İran olsa da, aktiv viruslu xəstə baxımından İspaniyada hazırda vəziyyət daha gərgindir. Belə ki, İranda təqribən 16 min yoluxma faktı qeyd olunub və hazırda onlardan 6 minə yaxını sağalaraq evinə dönüb. İspaniyada isə yoluxma faktı 12 minə yaxınlaşsa da, hazırda onlardan 10 mini aktiv virus daşıyıcılarıdır. 

Maraqlıdır ki, Cənubi Koreya da risk qrupu ölkələri arasında olsa da, Şimali Koreya ilə bağlı hər hansı statistika təqdim olunmayıb. Ölkədə rəsmi olaraq yoluxma faktının olub olmaması hələ ki bilinmir. 

Hazırda xəstəliyin müalicəsində ən müsbət nəticə Sinqapurda müşahidə olunur. Belə ki, 266 yoluxma faktı olsa da, ölkədə ölüm hadisəsi baş verməyib. Yoluxanların təqribən 50%-i sağalıb. Sloveniyada isə əksinə olaraq virusa yoluxmuş 274 nəfərdən hələ ki, sağalan olmayıb. 

Virusun yayıldığı ölkələr sırasında yer alan Nepal və Sudanda hazırda aktiv xəstə yoxdur. Belə ki, Nepalda 1 nəfər yoluxub və sağalıb, Sudanda isə bir nəfər yoluxub, o da vəfat edib.

Keçmiş MDB ölkələri arasında ən çox yoluxma halı 114 nəfərlə Rusiyada müşahidə olunur. Ermənistan 84, Gürcüstan 38 yoluxma halı ilə siyahını davam etdirir. Türk dövlətləri arasında yalnız Türkmənistan rəsmi açıqlamada ölkədə koronavirus faktının qeydə alınmadığını bildirib. Ölkə Prezidenti virusla bağlı kitab yazaraq orada koronavirusa qarşı resept tapdığını vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanda bu günə kimi 34 yoluxma faktı qeydə alınıb. Onlardan 1 nəfəri ölüb, 10 nəfəri sağalıb və hazırda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır.

Günel Hacı