Bu ölkədə pilotlar işə çıxmır - 100-dən çox reys ləğv edilib

bu-olkede-pilotlar-ise-cixmir
Oxunma sayı: 1083

Belçikadan sonra Tayvanda da hava limanlarının fəaliyyətində ciddi problem yaranıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Asiya ölkəsi Tayvanda “China Airlines” hava yolu şirkətinin pilotları 6 gündür işə çıxmır.

8 fevralda yerli vaxtla 06:00-da başlayan kütləvi tətilə Taoyuan Pilot İttifaqına üzv olan 600 pilot qoşulub. Pilotlar işə çıxmadığı üçün 100-dən çox reys ləğv edilib və 20 mindən çox sərnişin səfərini icra edə bilməyib.

Məlumata görə, ötən gün şirkət rəsmiləri ilə pilotlar arasında 11 saat davam edən danışıqlardan sonra uçuş şərtlərinin yaxşılaşdırılması üçün ön razılıq əldə olunub. Lakin, yekun razılıq əldə olunana qədər tətilin davam edəcəyi açıqlanıb.

Qeyd edək ki, dünən Belçikada da hava limanı işçiləri kütləvi tətil keçiriblər. Bu səbəbdən ölkənin hava məkanı iflic vəziyyətə düşüb.