“Bu, onlara başucalığı gətirməyəcək”

bu-onlara-basucaligi-getirmeyecek
Oxunma sayı: 1964


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin müavini qeyd edib ki, ilk Avropa Oyunları ərəfəsində üzləşdiyimiz bu qarayaxma kampaniyasına biz artıq alışmışıq. Bir neçə il bundan əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də belə bir vəziyyətlə qarşılaşmışdıq. Bu, bizi daxilən nə qədər incitsə də, Azərbaycan həmin müsabiqəni yüksək səviyyədə təşkil etdi.

Əli Əhmədov vurğulayıb ki, Avropa Oyunlarının keçirilməsi üçün zəruri hazırlıq işləri artıq başa çatıb. Azərbaycanın adı ilk Avropa Oyunları keçirilən bir məkan kimi tarixə yazılacaq.

Bu cür məsuliyyəti öz üzərinə götürmüş Azərbaycana diqqətli yanaşma daha ədalətli olardı, lakin biz bunun əksini görürük. ABŞ-dan, Avropanın bir çox dairələrindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bütün bunlar ikili standartların təzahürü olsa da Azərbaycanın haqq işini həyata keçirməsinə maneə yarada bilməyəcək. Biz öz işimizi görürük, üzərimizə götürdüyümüz öhdəliyi də layiqincə yerinə yetiririk. Bu qarayaxma kampaniyası onu həyata keçirənlərə baş ucalığı gətirməyəcək. Görünür, onlar sadəcə daxilən belə missiyaları həyata keçirməyə kökləniblər və həmişə bu işlərlə məşğul olurlar.