“Bu oyunun dönüş nöqtəsi oldu” - Millimizin qapıçısı

bu-oyunun-donus-noqtesi-oldu
Oxunma sayı: 1054

Futzal üzrə Avropa Çempionatının final mərhələsində İtaliyaya 0:3 hesabı ilə uduzan Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli matç haqqında danışıb.

“Qafqazinfo”ya açıqlama verən futbolçu məğlubiyyətin səbəbini qırmızı vərəqədə görüb: “Qırmızı vərəqəyə qədər İtaliyanların hücumlarının qarşısını yaxşı kəsirdik. Oyunun dönüş nöqtəsi də Amadeunun meydandan qovulması oldu. Bundan sonra mübarizə aparmaq çətin idi. Məhz azlıqda qalmağımızdan istifadə edən italyanlar qol vura bildilər”.

Hüseynli matça zədəli çıxdığını da sözlərinə əlavə edib: “Ayağımda zədə var idi. Matçdan öncə də ağrılar hiss edirdim. Oyunda da bir epizodda zədəmi yenilədim. Ümid edirəm ki, növbəti oyunlarda hər şey yaxşı olacaq”.

Millimizin çərçivə qoruyucusu növbəti mərhələ şanslarının hələ də qaldığını və qarşıdakı matçda Çexiyaya qalib gələ biləcəkləri gücdə olduğunu qeyd edib: “Çexiya üzərində qələbə qazana bilərik. Bunun üçün gücümüz var. Sadəcə özümüzə inanıb, yalnız qalibiyyəti düşünməliyik. Fikrimcə, biz qrupdan da çıxacağıq, hamını da sevindirəcəyik”.