“Bu qanunla Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq”

bu-qanunla-azerbaycanda-siqaret-cekenlerin-sayi-azalacaq
Oxunma sayı: 3778

Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsini şərh edib.

"Qafqazinfo" həmin məqaləni təqdim edir:

"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını bu gün ən aktual və cəmiyyətimizin demək olar ki, bütün təbəqələrinin maraq dairəsini zəbt etmiş bir mövzu hesab etmək olar və bununla bağlı ictimai müzakirələrin aparılması da çox vacib əhəmiyyətə malikdir. Ümumiyyətlə, tam əminliklə söyləmək olar ki, 2017-ci il olkəmiz üçün qanunvericilik sahəsində əhəmiyyətli yeniliklərin, dəyişikliklərin, əlavələrin edilməsi, yeni qanunların qəbul edilməsi baxımından çox səmərəli və uğurlu bir il oldu. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra 90-cı illərin ortalarından başlayaraq start verilmiş hüquqi dövlət quruculuğu sahəsində, mükəmməl və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun qanunvericilik bazasının formalaşdırılması istiqamətində islahatlar bu gün də sürətli dəyişən dünyamızın inkişaf tempinə uyğun olaraq uğurla davam etdirilməkdədir. Bu əhəmiyyətli addımlardan biri də hazırda barəsində fikirlərimizi bölüşdüyümüz 1 dekabr 2017-ci ilin tarixli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanundur. Əslində bu qanun heç də adından göründüyü kimi kimlərinsə hüquqlarının məhdudlaşdırılmasına deyil, əksinə ayrı-ayrı tütündən və tütün məhsullarından istifadə edən şəxslərin özlərinin bu xəstəlikdən qurtulmaları ilə yanaşı, həm də onların pis vərdişlərinin və asılılıqlarının zərərli nəticələrinə şərik olmaq məcburiyyətində qalan digər insanların hüquqlarının qorunmasına və ölkəmizin ekoloji mühitinin daha çox çirklənməsinin qarşısını almağa yönəlmişdir. Yəni, tütün və tütün məmulatları olan və yeni qanunla siyahısı dəqiq olaraq göstərilmiş digər vasitələrin istifadə edilməsi məkan baxımından məhdudlaşdırılaraq qadağaların təsir çevrəsi qanunda açıq şəkildə qeyd olunmuşdur. Təbii ki, qanunlarımızın şahı olan 1995-ci il tarixli Konstitusiyamızın ruhu bütün insanlarımızın qanun qarşısında bərabər olduğuna xidmət edir və bu fikir konstitusiyada hamının qanun qarşısında bərabər oması göstərişi ilə birbaşa təsdiqini tapır. Yeni qəbul edilmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanunun və aidiyyatı üzrə müvafiq qanunvericilik aktlarının məzmunundan da bəlli olur ki, yetkinlik yaşına çatmayan şəxslərdən başqa qanunvericilik heç bir şəxsə ümumilikdə tütün məmulatlarından istifadəni qadağan etmir. Sadəcə, tütündən və tütün məmulatlarından istifadə həmin şəxslərin hüquqları olduğu kimi onlardan da öz növbələrində bu hüquqlarından istifadə zamanı digər insanların hüquqlarına hörmətlə yanaşmaq və onları pozmamaq vəzifəsinə əməl olunması qanuna uyğun şəkildə tələb olunur. Bunu həm də, qəbul olunan bu qanunla yanaşı ölkəmizdə 2001-ci ildə qəbul olunmuş və hazırda da quvvədə olan  tütünün və tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyən və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edən “Tütün və tütün məmulatı haqqında” AR qanununun mövcudluğu ilə sübut etmək olar. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə ümumrespublika müşavirələrində tütünçülüyün inkişafının dövlətimizin iqtisadi maraqlarına xidmət etdiyini bildirməklə yanaşı həm də hər bir vətəndaşımızın konstitusion hüququ kimi sağlam ətraf mühitdə yaşamaq hüququnun  olmasını və sağlamlığın daha vacib əhəmiyyətə malik olmasını önə çəkmişdir. Hətta ölkə başçısı ötən il müşavirələrin birində ölkəmizdə müasir siqaret fabriklərinin tikintisinin zəruriliyi ilə bağlı fikir bildirərkən tütün məmulatı qismində siqaretin zərərli vərdiş olmasına da münasibət bildirmişdir və qeyd etmişdir ki, “siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq”. Zənnimcə, bu qeyd olunanlar artıq dövlətimizin bu sahədə yürütdüyü siyasəti müəyyən etməyə kifayət edir.

Vəkil-Xəyal Bəşirov

Onu da diqqət və nəzərdən qaçırtmaq lazım deyil ki, az öncə qeyd etdiyim kimi bu qanun qəbul edilənə qədər də ölkəmizdə qəbul olunmuş “Tütün və tütün məmulatı haqqında” 2001-ci il qanunu quvvədədir və həmin qanundan irəli gələn bəzi məhdudiyyətlərlə bağlı İnzibati Xətalar Məcəlləsində bir sıra inzibati məsuliyyətlər də nəzərdə tutulmuşdur. Belə ki, İXM-nin “Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” adlı 212-ci maddəsinə əsasən Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkən şəxslər otuz manat məbləğində cərimə edilir. 

Qeyd olunan maddənin ikinci bəndinə görə isə müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

İXM–nin 299-cu maddəsində hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə yüz manat məbləğində,  305-ci maddəsində dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə qırx manat məbləğində, 306-cı maddəsində metrolarda müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə əlli manat məbləğində, 318-ci maddəsində dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə qırx manat məbləğində və 322-ci maddəsində ictimai nəqliyyat qismində sərnişin daşıyan avtobuslarda siqaret çəkməyə görə qırx manatdan əlli manatadək məbləğdə cərimələr nəzərdə tutulmuşdur və bu gün də quvvədədir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanunun qəbul edilməsi ilə “Tütün və tütün məmulatı haqqında” 2001-ci il qanununun tütün və tütün məmulatları ilə bağlı məhdudiyyətlərin nəzərdə tutulduğu 20 və 21-ci maddələri artıq quvvədən düşmüş hesab olunur. Lakin, buna baxmayaraq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanunun məzmunundan irəli gələn bəzi məhdudiyyətlərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni inzibati məsuliyyət tədbirlərinin daxil edilməsi ilə bağlı bir sıra dəyişiklik və əlavələrin edilməsi labüddür. Təkcə diqqətinizi bir məqama yönəltmək istərdim ki, yeni qanunun “Əsas anlayışlar” adlı 1-ci maddəsində tütün çəkmənin anlayışı verilmişdir. Həmin anlayışa görə tütün çəkmə - tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı şəxslərin sağlamlığına zərər vurulmasına və ətraf mühitin çirklənməsinə səbəb olan istifadə prosesi hesab olunur. Həm bu anlayışdan, həm də hər birimizin rastlaşdığımız mənzərədən tütün məmulatlarının onlardan istifadə edənlərdən savayı onlarla eyni ortamda olan digər şəxslərin də sağlamlığına nə dərəcədə zərərli olduğunu təsəvvür etmək heç də çətin deyil.

Qəbul olunmuş yeni qanunla, Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə tütün və tütün məhsulları qismində siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və digərləri ilə yanaşı həm də bütün növ qəlyanların və elektron siqaretlərin də aşağıda göstərilən yerlərdə istifadəsinə məhdudiyyət qoyulur: -təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; ticarət obyektlərində; məişət obyektlərində; sosial xidmət müəssisələrində; yerləşdirmə vasitələrində; teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; uşaq meydançalarında; yerüstü qapalı və yeraltı piyada keçidlərində; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində; metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda; hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində; hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində; liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində; taksafonlarda; yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

Həm də yeni qanunla mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri həmin qanunla müəyyən olunmuş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Azərbaycan Respublikasının bu sahədə mövcud qanunvericilik təcrübəsində danışdıqda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri və qəbul etdiyi sənədləri də qeyd etmək zəruridir. Bununla bağlı BMT-nin ixtisaslaşdırılmış qurumlarından olan Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü ildə İsveçrənin Cenevrə şəhərində qəbul edilmiş “Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası”na qoşulmanı qeyd etmək olar. Belə ki, qeyd olunan bu konvensiyaya qoşulma haqqında 2005-ci ildə AR Qanunu qəbul edilmişdir. Bu Konvensiyada əsas məqamlardan biri qoşulan dövlətlərin öz ərazilərində daxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə tütün və tütün məhsullarından istifadənin mümkün qədər məhdudlaşdırılması, bununla bağlı müvafiq məsuliyyət tədbirlərinin qanunvericiliyə daxil edilməsinin zəruriliyinin vurğulanmasıdır.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə ölkə başçısı müvafiq fərman da imzalamışdır və həmin fərmanda bir sıra digər vacib məqamlarla yanaşı həm də bu sahədə fəaliyyətə və müəyyən olunmuş məhdudiyyətlərə riayət olunması ilə bağlı dövlət nəzarətini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanları barədə təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən üç ay müddətində Prezidentə təqdim olunması qeyd olunmuşdur. Təbii ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübədən yararlanmaq da vacib əhəmiyyət kəsb edir. Bu sahədə beynəlxalq təcrübəyə, xüsusilə də aparıcı dünya dövlətlərinin o cümlədən Avropa ölkələrinin qanunvericiliyinə və praktikasına diqqət yetirsək görərik ki, demək olar ki, əksər dünya dövlətlərində anoloji qanunların qəbulu, tütün və tütün məmulatlarının istifadəsinə məhdudiyyətin qoyulması 2000-ci ildən sonrakı dövrə təsadüf edir. Qanunun tətbiqi baxımından bu ölkələrin təcrübəsi demək olar ki, oxşardır və bu sahədə əsas amillərdən biri kimi müvafiq qadağalara əməl olunmasına nəzarəti həyata keçirən suyektlərin dairəsi də xırda istisnalarla  oxşar xarakter daşıyır. Anoloji qanunun qəbul olunduğu əksər ölkələrdə bu sahəyə nəzarəti polis əməkdaşları, tibbi və sanitar ekspertlər və hətta bir çox ölkələrdə şəhərlərin, digər ərazi vahidlərinin bələdiyylərinin əməkdaşları da həyata keçirirlər. Təcrübədə həm də bəzi ölkələrdə ayrı-ayrı fəaliyyət sahələrində bu qanunun icrasına nəzarətin müxtəlif qrupların həyata keçirilməsinə də rast gəlmək olar. Məsələn istehsalat obyektlərində, ictimai nəqliyyatda, tibb müəssisələrində, iş yerlərində və s. ayrı-ayrı qruplar tərəfindən həyata keçirilir. Ölkəmizdə də təbii ki, bu fəaliyyəti həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı qanunla müəyyən olunmalıdır. Lakin, ölkəmiz üçün bu qanunun icrasına nəzarəti həyata keçirəcək ən real  subyektlərdən biri Daxili İşlər Orqanlarının əməkdaşlarını hesab etmək olar. Bununla bağlı həm də nəzarəti həyata keçirəcək müvafiq qurumda 24 saat faəliyyət göstərəcək qaynar xəttin olması vacib məqamlardan biridir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanunda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırıldığı yerlərdə əvvəlkindən fərqli olaraq təkcə siqaretin deyil, ümumilikdə tütünün çəkilməsini qadağan edən yazılı xəbərdarlıqlarla və işarələrlə yanaşı qanun pozuntuları barədə dərhal məlumat vermək imkanı yaradacaq qaynar xətt nömrələrinin də əks olunması çox məqsədəuyğun olardı.

Bütün bu qeyd olunanlarla yanaşı ən əhəmiyyətli və vacib məsələ kimi vətəndaş cəmiyyəti üzvlərinin bu qanunun reallaşdırılmasında rolu və eyni zamanda ictimai nəzarətin mövcudluğu əvəzolunmaz  hal olardı. Çünki, bu qanun vətəndaş cəmiyyətinin hər bir fərdinin, eyni zamanda bütövlükdə ölkəmizin maraqlarına və mənafelərinə xidmət edəcəkdir".