Bu qədər savadsızlıq olmaz!

bu-qeder-savadsizliq-olmaz
Oxunma sayı: 2328


Sovet hökuməti savadsızlığa qarşı “maharibə” elan etmişdi. Rəhmətlik nənəm yazıb-oxumağı 60 yaşında öyrənmişdi. Nənəm höccələyə-höccələyə oxuyanda, uşaqlar ona gülürmüş. Amma o, heç vaxt buna əhəmiyyət verməzmiş. Həmin vaxt kəndimizdəki bütün qocaları “gecə məktəbi”nə cəlb etmişdilər. Nənəm sinif yoldaşlarından geri qalmaq istəmirmiş...

Azərbaycanda siyasi sistem dəyişəndən sonra ən ağır zərbə təhsil sektoruna dəydi. Hazırda orta ümumtəhsil məktəblər azərbaycanlı uşaqların təlim-tərbiyyəsində, formalaşmasında heç bir rol oynamır. Valideynlər özlərinin və övladlarının boğazından kəsdikləri qəpik-quruşun hesabına uşaqlarının elm öyrənməsini təmin etməyə çalışırlar. 150 bal toplayan abituriyent tələbə adını qazana bildiyi üçün artıq repititor yanına getməyə də ehtiyac qalmayıb.

Total savadsızlığın acısını yavaş-yavaş gündəlik həyatımızda, məişətimizdə hiss etməyə başlayırıq. Ucuz şoulara, düşük meyxana yarışmalarına marağın artması elmə olan həvəsin azalması ilə bağlıdır. Aydın məsələdir ki, savadsız adam ancaq düşük əyləncələrə meyl edə bilər.

Əkrəm müəllimin 45 illik pedaqoji təcrübəsi var. Biz hər dəfə görüşəndə, o, yana-yana təhsil sistemindəki acınacaqlı vəziyyətdən danışır. Ötən gün qarşılaşanda Əkrəm müəllim başına gələn maraqlı bir hadisəni nəql etdi.

Aynur xanım Əkrəm müəllimin yaxın qohumudur. Əkrəm müəllim Bakıda, Aynur xanım isə ailəsi ilə birlikdə Sumqayıtda yaşasa da, onlar tez-tez bir-birilərinin evinə qonaq gedirlər. Əkrəm müəllim deyir ki, Sumqayıtda yaşayan qohumlarına baş çəkməyə gedəndə balkona çıxıb Xəzər dənizinə tamaşa etməkdən yorulmur.

Təxminən 3 ay əvvəl Aynur xanım Əkrəm müəllimə zəng edib, ondan ibtidai sinifdə təhsil alan qızının ev tapşırığına kömək etməyi xahiş edir.

Dərhal da cavabını tapa bilmədiyi sualı oxuyur: “Xəzər dənizi bu ölkələrdən hansının ərazisində yerləşir?”

Sonra isə aşağıdakı variantları sadalayır: “ABŞ, Çin, Azərbaycan, Hindistan”.

Əkrəm müəllim əvvəlcə qulaqlarına inanmır. Buna görə də qohumundan xahiş edir ki, sualı bir də oxusun. Aynur xanım sualı təkrar oxuyandan sonra Əkrəm müəllim ona deyir ki, balkona çıxsın. Aynur xanım heç nə başa düşməsə də, yaşlı qohumunun sözünü yerə salmayıb balkona çıxır. Əkrəm müəllim qohumunun balkona çıxdığına əmin olandan sonra ondan soruşur: “Qızım, nə görürsən?”

Xanım sevincək cavab verir: “Su”.

Əkrəm müəllim səsinin tonunu bir qədər yüksəldir: “A bala, o su deyil, Xəzər dənizidir”.

Aynur xanım incik tərzdə dillənir: “Həə”.

Əkrəm müəllim bu dəfə səsinə bir qədər mülayimlik qatır: “Qızım, indi bildinmi Xəzər dənizi harda yerləşir?”

Qadın sevincək cavab veriri: “Bildim, Sumqayıtda yerləşir”.

Əkrəm müəllim dərindən bir ah çəkib, dialoqa son verir. Amma aradan 2 dəqiqə keçməmiş qohumu yenə onu arayır: “Ay müəllim, tapdığımız cavab heç bir varianta uyğun gəlmir. Burda Sumqayıtın adı yoxdur”.

Hesab edirəm ki, elə burdaca yazıya nöqtə qoymaq lazımdır. Sizi bilmirəm, amma mənim deməyə sözüm qalmayıb...