Bu qəsəbəni ağcaqanadlar basıb - Video + Yenilənib

bu-qesebeni-agcaqanadlar-basib
Oxunma sayı: 5213

“Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq”.

Bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonu, Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əvvəllər sözügedən ərazi dərmanlandığından belə hallar yaşanmayıb. Hazırda isə ərazi dərmanlanmır, üstəlik yaxınlıqdakı qrunt sularının yığıldığı gölün ətrafına məişət tullantılarının tökülməsi də buranı yaşanmaz hala gətirib.

“Yaxınlıqda göl var, bir neçə ay əvvəl gətirib həmin əraziyə məişət tullantıları tökmüşdülər. Sakinlərin etirazından sonra yığışdırıldı. Bundan sonra da ağcaqanad əlindən tərpənmək olmur. Axşam saatlarında qəsəbə zülmətə bürünür. Heç kim evində işıq yandırmır, çünki işıq yansa, evdə yatmaq mümkün olmaz. Həyətə çıxıb hava almağı isə heç ağlımıza gətirmirik. Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, çarə edən tapılmır”, - qəsəbə sakini Pərvin Zeynalov bildirib.

Məsələ ilə əlaqədar Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazi Abşeron rayonuna aid olsa da, orada xidmət prosesi Sabunçu rayonunun müvafiq şöbələri tərəfindən həyata keçirilir: “4-5 il əvvəl də belə bir problem qalxmışdı, sakinlər ağcaqanadların olmasından şikayətlənirdilər. Biz araşdırdıq, məlum oldu ki, həmin ərazilərdə dezinfeksiya işləri Sabunçu rayonunun aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Biz dəfələrlə sözügedən qəsəbənin bələdiyyəsinə müraciət etmişik ki, Abşeron rayonunun ərazi profilaktika-dezinfeksiya şöbəsi ilə müqavilə bağlasınlar. Lakin illərdir desək də, müqavilə bağlanmır, nəticədə aidiyyəti qurum gedib orada dezinfeksiya işləri həyata keçirə bilmir”.

***

Məsələ ilə bağlı Məmmədli Bələdiyyəsinin sədri Vasif Məmmədovla əlaqə saxladıq. Sədr saytımıza bildirdi ki, şikayətlə bağlı ərizə bələdiyyəyə təqdim olunub. Lakin bələdiyyənin büdcəsində bu imkanlar yoxdur ki, Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə müqavilə bağlasın: "Sakinlər ərizəni 2 gün öncə təqdim ediblər. 40 nəfərdən ibarət olan şikayət ərizəsində heç kim vergi ödəmir. Bələdiyyəyə vergi verilmir, ancaq tələb olunur. Bazar ertəsi biz  Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinə məktubla müraciət edəcəyik. Sakinlərin öz hesabına gəlib dərmanlayacaqlar. Torpaq vergisi vermədikdən sonra mən niyə onların problemini həll etməliyəm? Lazım olsa, Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzi ilə müqavilə bağlanacaq. Lakin bir daha bildirirəm ki, həmin ərazidə vətəndaşlar vergi borclarını ödəmədiklərinə görə biz onlara pulsuz yardım etməyəcəyik."

Gülnar Əliyeva