“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək.
Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək.
Qurumdan həmçinin bildirilib ki, ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimuma endirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmiz enerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir.
Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlara kağız biletlərin satışının dayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib.
Həmçinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər