Bu sahələrdə iqtisadi artımı bərpa etmək mümkün olmayıb

Bu sahələrdə iqtisadi artımı bərpa etmək mümkün olmayıb
Oxunma sayı: 1535

“2021-ci ilin ilk 5 ayının göstəricilərinə əsasən Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub”. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, bu ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul 0,8 faiz artıb: “COVİD-19 pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 faiz artıb”.

V.Qasımlının sözlərinə görə, artımda əsas rol alan qeyri neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 faiz böyüyüb: “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən hazırda 17,9 faizə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək. 

Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində - bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya və rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 faiz artıb.”

V.Qasımlı bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq: “Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır.”