“Bu seçkilər milyonların öz xilaskarına minnətdarlığı idi”

bu-seckiler-milyonlarin-oz-xilaskarina-minnetdarligi-idi
Oxunma sayı: 1455

7 fevralda keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın tarixinə, taleyinə mühüm hadisə kimi yazıldı. Azad, demokratik şəraitdə seçmək hüququndan istifadə edən xalqımız növbəti dəfə seçkinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirilməsi üçün böyük siyasi fəallıq göstərdi.

Xalqın yüksək fəallığı ilə baş tutan prezident seçkisi artıq tarixə qovuşdu və eyni zamanda dövlət quruculuğunun yeni inkişaf salnaməsinin başlanğıcına çevrildi.

7 fevral 2024-cü il tarixdə keçirilmiş prezident seçkiləri sıradan bir seçki deyildi. Onun mahiyyətində Azərbaycan xalqının sabahı, intibahı, zəfər yolunun aydın məqamları, ən əsası isə Azərbaycanın taleyi, müstəqilliyi dayanırdı. Bu, bütöv Azərbaycanda keçirilən ilk seçki idi.

Müzəffər Ali Baş Komandanın qüdrətinin təcəssümü olan Xankəndidə baş tutan ilk seçki xalqın öz Prezidentinə və iqtidarına olan inamını bir daha rəsmi şəkildə göstərdi. Bu, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində zəfər qazanan, normal güzəran quran, dövlətinə güvənən milyonların öz xilaskarına minnətdarlığı idi.

Azərbaycan xalqı ona zəfər bəxş edən liderinə, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün dəstəyini verdi.

Vətəndaşlar həm səsvermədə, həm də anonim sorğularda fəallıq nümayiş etdirdilər. Belə ki, prezident seçkilərində 3 təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası Amerika Birləşmiş Ştatlarının "ORACLE ADVİSORY GROUP" təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, "Rəy" Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində "exit-poll" keçirmişdir.

Beynəlxalq müşahidəçilər də seçkini yüksək qiymətləndirdilər. Prezident seçkilərində iştirak üçün 760 nəfəri beynəlxalq müşahidəçi olmaqla, ümumilikdə 90 min 272 müşahidəçi qeydiyyatdan keçmişdir. Hər biri mötəbər təşkilatlardan olan həmin beynəlxalq müşahidəçilər respublikamızın müxtəlif bölgələrində, habelə paytaxt Bakıda və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məntəqələrdə seçki prosesini izləyiblər. Beynəlxalq müşahidəçilər zəfər seçkisinin tam şəffaf və demokratik təşkil edildiyini, seçici fəallığının yüksək səviyyədə olduğunu qeyd ediblər. Məsələn, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qısamüddətli müşahidəçilər qrupunun Xüsusi Koordinatoru və rəhbəri Artur Qerasimov, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndəsi Edqar Renyeri Kastilo Maçade, Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidi, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov və digər beynəlxalq müşahidəçilər prezident seçkisinin tam şəffaf və demokratik keçirildiyini xüsusi vurğulayıblar.

Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər.

Bakı şəhər 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimovun “Respublika” qəzetinə məqaləsindən