Şirkətdən çörəklə bağlı ittihamlara cavab - Yenilənib

Şirkətdən çörəklə bağlı ittihamlara cavab
Oxunma sayı: 4622

Sosial şəbəkələrdə “Çörəkçi” firmasının çörəklərinin keyfiyyətsiz olması ilə bağlı iddialar yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Turan İbrahimov feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, artıq bir neçə dəfə eyni problemlə qarşılaşıb: “Bununla neçənci dəfədir ki, “Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər”.

Sözügedən paylaşıma digər izləyicilər də reaksiya verib və bənzər halla üzləşdiklərini bildiriblər. Həmçinin aparıcı Elçin Əlibəyli həmin çörəklərin tərkibi ilə bağlı ekspertiza aparıldığını və orada təhlükəli göbələklər aşkarlandığını yazıb. 

Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problem araşdırılır: “Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və digər qanunazidd hallar barədə “1003” Çağrı Mərkəzinə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra müvafiq araşdırmalara başlanır və qanunvericiliyə uyğun tədbirlər görülür.

Qeyd olunan məsələ ilə bağlı məlumatlar artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün yönləndirilib və bununla bağlı əlavə məlumat veriləcək”.

Agentlikdən həmçinin bildirilib ki, bu cür şikayətlərdə konkret faktlar üzrə araşdırmaların aparılması zəruridir: “İstehlakçıların konkret faktlarla bağlı Agentliyin “1003” Çağrı Mərkəzinə ətraflı məlumat verməsi xahiş olunur”.

***

Yayılan məlumatlarla bağlı şirkətin Hüquq Departamentinin Direktoru Akif Abbasov “Qafqazinfo”ya açıqlama verib. O, saytımıza bildirib ki, çörək zavodunun istehsal etdiyi “Çörəkçi” əmtəə nişanına məxsus bütün çeşidlər ISO sertifikatlı istehsal sahəsində tam avtomatlaşdırılmış, insan əli dəymədən, sanitar-gigiyenik norma tələblərinin qorunduğu və ixtisaslaşmış kadr heyətinin nəzarəti altında istehsal olunur: “Sözügedən istehsal sahəsinin Azərbaycan Akkreditasiya Mərkəzində qeydiyyatdan keçmiş (AZ 01.0475.01.20) mərkəzi laboratoriyası fəaliyyət göstərməkdədir. İstehsal sahəsində istifadə olunan bütün xammalların, hazır məhsulların mərkəzi laboratoriyamızda mütamadi yoxlanışı reallaşdırılır. İstehsal olunan bütün çeşidlərin şahid nümunələrinin keyfiyyət göstəricilərinə mərkəzi laboratoriyada yararlılıq müddətləri ərzində nəzarət olunur.

Çörək zavodu gündəlik 46 ton məhsul istehsalını yüksək keyfiyyətli xammallardan istifadə etməklə reallaşdıraraq, istehlakçılarına xidmət göstərən istehsal müəssisədir və daima Azərbaycan bazarında fəaliyyətinin dürüstlüyü, şəffaflığı ilə seçilib və seçilir”.

Şirkətdən həmçinin o da bildirilib ki, həmin məlumatların KİV-də yayılması ilə bağlı şirkət rəhbərliyi və aidiyyəti əməkdaşları tərəfindən ciddi araşdırmalar aparılır, yekunda qeyd edilən məsələnin hüquq müstəvisində araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına şirkət rəhbərliyi tərəfindən müraciət olunacaq.

***

“Çörəkçi” zavodunun daxil olduğu “ATS Food” MMC-dən bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 02.12.2022-ci il tarixli “Yoxlamanın aparılması haqqında Qərar”ı əsasında Agentliyin Regional Sınaq Laboratoriyasında yoxlama keçirib. Sınaq nəticələrindən bəlli olub ki, məhsulun keyfiyyət göstəriciləri ilə bağlı irəli sürülən iddialar tam olaraq əsassızdır və heç bir uyğunsuzluq aşkar edilməyib. 

Gülnar Əliyeva