“Bu, sizin çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir”

bu-sizin-cox-humanist-genis-qelbe-malik-oldugunuzu-subut-edir
Oxunma sayı: 2000

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

"Qafqazinfo" Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Şəhid atası, Xocalı rayonundan məcburi köçkün Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, qayğınızı öz üzərimdə hiss etmişəm. Siz mənə və ailə üzvlərimizə qayğı göstərib bizə yeni həyat vermisiniz, bizi ev-eşik sahibi etmisiniz, Xocalı ağsaqqalı kimi məni böyük hörmətə layiq görmüsünüz. Hazırda iki oğlum var. Şəhid olmuş oğlumun adını daşıyan Etibar hərbi xidmətdədir. 15 yaşlı Fərhad isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq. Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək qiymətləndirir, bugünkü beynəlxalq bəlanın – koronavirusun ölkəmizdə geniş vüsət almaması üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, cansağlığı və uzun ömür arzulayıram.

Xüsusilə qeyd etmək istəyirəm ki, oğlum Etibarın xidmət etdiyi hərbi hissəyə görüşə gedəndə ürəyim açılır. Bir valideyn kimi məni hörmətlə qəbul edirlər. Hərbi hissədə gördüyümüz nizam-intizam, əsgərlərə göstərilən qayğı Sizin ciddi tapşırıqlarınızın nəticəsidir. Allah ömrünüzü uzun etsin!”.

Salyan şəhərindən Əliqulu Babayev: “Əziz Prezidentimiz, xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz salyanlılar da yüksək qiymətləndiririk. Siz hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir. Dünyanı bürüyən pandemiyanın qarşısını vaxtında almaq üçün verdiyiniz qərarlar və göstərdiyiniz səylər hesabına bu böyük bəladan üzüağ çıxmaqdayıq. Siz fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer vermisiniz. Salyan rayonu da bunun sayəsində xeyli gözəlləşib, inkişaf edib. Rayonun Qızılağac kəndində 1000 şagird yerlik məktəb binasının tikintisinə başlanılması hamımızı sevindirdi. Hazırda tikinti keyfiyyətlə və sürətlə aparılır. Cənab Prezident, xalq üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Biz həmişə Sizinləyik”.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən Faiq Orucov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyası ilə əlaqədar hazırda ölkəmiz sınaq dövrü yaşayır. Bu dövrdə hər bir vətəndaşı diqqətdə saxlayaraq ona qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik. Son illər sosial vəziyyətimizin yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Biz bu günlərdə də böyük qayğı ilə əhatə olunmuşuq. Biz də vəzifəmizin öhdəsindən layiqincə gəlmək, onlayn dərslər keçməklə şagirdlərin təhsildən qalmaması üçün çalışırıq. Müəllimlərə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından bir daha Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.

Bakının Nəsimi rayonunun sakini Malik Şirinlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, dəstəyə ehtiyac duyan insanlara dəstək göstərdiniz. Sizin sayənizdə imkansız ailələrə ərzaq yardımı verildi, işsiz vətəndaşlara maddi kömək göstərildi. Ulu Tanrı koronavirusa yoluxan bütün xəstələrimizə şəfa, onlara xidmət göstərən həkimlərə səbir və güc-qüvvət versin. Əziz Prezidentimiz, Allah Sizə hər zaman kömək olsun. Siz Azərbaycanın işıq saçan günəşisiniz. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib”.

Göygöl rayonundan Vüqar Əsgərov: “Hörmətli cənab Prezident. 2020-ci ilin faciəsi olan və bu günədək yüzlərlə dövlətin iqtisadiyyatını sarsıdan, milyonlarla insanın təşviş və qorxu içində yaşamasına səbəb olan COVID-19 virusu Azərbaycan dövlətindən də yan keçməyib. Bu çətin dövrdə Azərbaycan xalqı şəxsən Sizin və iqtisadiyyatı güclü olan dövlətimizin dəstəyini gördü. Ehtiyacı olan hər bir ailə Sizin uğurlu siyasətiniz sayəsində maddi ödənişlər və ərzaq yardımları alır. Buna görə Sizə təşəkkür edirəm”.

Salyan rayonundan Təhminə Kərimova: “Hörmətli cənab Prezident, dünyanı bürüyən bu virus bizim ölkəmizdən də yan keçmədi. Böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Siz istər gəncləri, istər yaşlıları, istərsə də uşaqları qorumaq üçün əlinizdən gələni əsirgəmədiniz. Sizin xalqa çağırışınız, verdiyiniz qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsində ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi. Buna görə Sizə təşəkkür edirik. Bu çətin günlərdə xalq və Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir. Biz hər zaman Sizinləyik, cənab Prezident!”.

Masallı rayonunun sakinləri İlkin Ağayev, Cəlal Əliyev, Əfsər Nuriyev, İlhamə Əhmədova Ülkər Həbibova, Hikmət Abbasov və Əliyağa Hüseynov yazırlar: “Hörmətli cənab Prezident, Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, vaxtında gördüyünüz tədbirlər sayəsində tezliklə koronavirus bəlası Azərbaycan xalqının başı üzərindən çəkilər. Biz buna inanırıq. Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz qabaqlayıcı tədbirlər buna əmin olmağımıza əsas verir. Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, xalqımıza olan diqqət və qayğını gündən-günə artırırsınız. Dünyada geniş yayılmış koronavirusla mübarizədə güclü iqtisadiyyata malik olan ölkələrin aciz qaldığı bir dövrdə Azərbaycan xalqı Sizin qətiyyətli addımlarınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu bəladan az itki ilə qurtulacaq. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirik.

Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Allahın amanında olasınız!”.

Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyev: “Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir. Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Möhtərəm cənab Prezident, Hacıqabul rayon sakini və bir ziyalı kimi koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğunuza, hər zaman vətəndaşların yanında olduğunuza görə Sizə və Mehriban xanıma Hacıqabul rayon sakinləri adından, şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin rifahı və möhkəmlənməsi naminə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.