“Bu mənada “Qərb demokratiyasının” kökündə tamamilə başqa “dəyərlər” cəmlənib. Zaman-zaman başqa ölkələrin siyasi idarəçilik sistemində, keçirdikləri seçkilərdə hansısa nöqsanlar, qanunsuzluqlar axtarmağa çalışan “avropalı mütəxəssislər” bir çox hallarda öz gözlərində tiri görə birmirlər və ya görməzliyə vururlar. Bu amil isə onu sübut edir ki, “qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi gərginliyi şərh edərkən bildirib.
Vüqar Rəhimzadənin sözlərinə görə, Hollandiyanın Türkiyəyə qarşı etdiyi diplomatik hörmətsizlik ikili standartların bariz nümunəsi, sözün əsl mənasında rəzalətdir: “Burada baş verən hadisələr islamofobiyanın təzahürləri, beynəlxalq hüququn tapdanmasıdır. Əgər bir ölkədə hansısa qanuni tədbirlərin keçirilməsinə yol verilmirsə, jurnalistlər əsassız yerə saxlanılırsa, orada hansı demokratiyadan söhbət gedə bilər?”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, özlərini demokrat adlandıran avropalılar miqrantlarla amansız davrandıqları, onları öz ölkələrindən deportasiya etdikləri halda, Türkiyə miqrantlara qucaq açdı: “Bu gün güclü Türkiyə terrora qarşı da ciddi mübarizə aparır. Bunun əksi olaraq isə Avropa və bəzi dairələr terrorçuları dəstəkləyirlər, Suriyada PKK və İŞİD terrorçularının əllərində Qərb ölkələrinin silahları var. Türkiyə prezidenti öz çıxışında bu barədə faktlar səsləndirib. Məqsəd Türkiyəni zəiflətmək, müsəlman dünyasını terrorla əlaqələndirərək ləkələməkdir”.
Son xəbərlər
Son Xəbərlər