“Bu sualı mənə yox, Prosineçkiyə verin”

bu-suali-mene-yox-prosineckiye-verin
Oxunma sayı: 903

DÇ-2018-in seçmə mərhələsində sabah millimizin qonağı olacaq Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil oyunöncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, irlandiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Almaniya ilə oyuna baxdığınızı demişdiz. Bu oyundan nə gözləyirsiz?

- Azərbaycanın bütün oyunlarına baxmışam. Bu sualı siz mənə yox, Prosineçkiyə ünvanlamalısız. Çünki Azərbaycan millisinin hazırlığını o daha yaxşı bilər. Almaniyaya qarşı oyunun ilk 30-35 dəqiqəsində çox yaxşı mübarizə aparmışdız. 

- Riçard Almeyda barədə də danışmışdız. Ondan çəkinirsiz? 

- Onun “Qarabağ”dakı oyunlarını izləmişik. Bu, millidə ilk oyunu olacaq. Lakin bizim oyunçularımız Premyer Liqa klublarında oynayırlar. Fikrimcə, ona qarşı yaxşı mübarizə apara biləcəklər.

- Sabah Bakıda hava isti olacaq. Bu, komandanıza nə dərəcədə təsir edə bilər?

- Hava yaxşıdır. Türkiyədə də burdakı hava şəraiti kimidir. Bu, bizə çox da böyük problem yaratmayacaq. Fikrimcə, öz oyunumuzu göstərə biləcəyik.

-  Komandaların şanslarını necə dəyərləndirirsiz?

- Öz ölkəmizdə 4:0 hesabıyla qalib gəldik. Fikrimcə, bu oyundan da yaxşı nəticə ilə qayıtmaq üçün yaxşı şansımız var. Bundan əlavə, Azərbaycan son iki oyunda məğlub olduğundan, bu oyuna daha yaxşı hazırlaşacaq. 

- Azərbaycan millisinin hansı oyunçularını fərqləndirə bilərsiz?

- Hansısa oyunçunu fərqləndirmək digər oyunçulara qarşı hörmətsizlik olardı. Ancaq komandada yaxşı oyunçulardan Dmitri Nazarovu fərqləndirərdim. Bundan əlavə, “Qarabağ”ın Çempionlar Liqasında “Seltik”lə oyunda Rəşad Sadıqovun oyununu da çox bəyənmişdim.

Elsevər

Fotolar: Kamil Əmirli