“Bu, Şuşanın bir daha heç vaxt təhdid edilməyəcəyinin nümayişidir”

bu-susanin-bir-daha-hec-vaxt-tehdid-edilmeyeceyinin-numayisidir
Oxunma sayı: 2634

İyunun 15-i bütün dünya Azərbaycan tarixində baş verən çox mühüm və əlamətdar bir günə şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Zirvəsi və ikitərəfli görüşlərin ardından Azərbaycana və 28 illik işğaldan sonra azad edilmiş Şuşa şəhərinə səfər etməsi mühüm tarixi əhəmiyyətə malikdir. Bu səfərlə bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan münasibətləri öz yeni mərhələsinə qədəm qoydu. 

"Qafqazinfo" xəbər verir ki, Şuşada Prezident İlham Əliyevin Ərdoğanla ortaq mətbuat konfransında səsləndirdiyi çıxışların hər cümləsini bir tarix hesab etmək olar. Mədəniyyət paytaxtımız olan Şuşada müttəfiqlik barədə Bəyannamənin imzalanması və orada əksini tapan detallar isə hər iki ölkə üçün strateji əhəmiyyətə malikdir. 

Prezident İlham Əliyev də çıxışında Şuşa bəyannaməsinə toxunaraq imzalanmış Birgə Bəyannamənin əlaqələri ən yüksək zirvəyə qaldırdığını bildirib:

“Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. 

Məlum olduğu kimi, Bəyannamədə təhlükəsizlik məsələlərinə xüsusi yer verilib. Gələcəkdə Azərbaycanın BMT səviyyəsində tanınan ərazi bütövlüyünə qarşı hər hansı təhdid olduğu təqdirdə Türkiyənin prosesə hərbi yolla müdaxilə ediləcəyi bəyan edilib.

Şuşada Türkiyənin Baş Konsulluğunun açılması isə buranın təhlükəsizliyinin daha bir zəmanətidir. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyan əsas məqamlardan biridir.  

Elə bu məqsədlə də Ərdoğan Şuşadakı çıxışında Ermənistana etdiyi əvvəlki çağırışlara bir daha diqqət çəkib. O bildirib ki, atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb: “Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”.

Prezident Ərdoğan əvvəl də təklif etdiyi “3+3” əməkdaşlıq platformasını xatırladaraq qeyd edib ki, bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur: “Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq”. 

Ötəngünkü səfər və orada verilən mesajlar Türkiyə mediasının da gündəm mövzularındandır. Bu haqda çıxış edən ekspertlər də səfərin əhəmiyyətinə toxunublar. 

TÜRKSAM rəhbəri Sinan Oğan NATO kimi önəmli bir görüşdən sonra Prezident Ərdoğanın Şuşaya getməsi və orada müttəfiqlik bəyannaməsinin imzalanmasını önəmli bir hadisə kimi dəyərləndirib:

“Bu növbəti tarixi günlərdən biri idi. Türkiyə ilə Azərbaycan arasında yaşanan tarixi günlərin sayı çoxdur. Bu görüş də onlardan ən önəmlilərindən biridir.

Bəyannamə ilə Türkiyə ilə Azərbaycan sadəcə iki qardaş deyil, ürəkdən bir-birinə bağlı iki müttəfiq qardaş olduğunu dostlara, düşmənlərə də göstərmiş oldular. Eyni zamanda Milli Qurtuluş Günündə Şuşada Qars anlaşmasına bənzər müqavilə imzalandı. Qars anlaşması o dövrdə erməni problemini bitirmişdi. Müqavilənin üstündən 100 ildən artıq vaxt keçdiyi bir dövrdə Şuşada Azərbaycan Ordusunun Vətən müharibəsində bağladığı səhifənin üstünə iki ölkənin lideri möhürünü vurdu. Artıq bu torpaqların bir daha işğal edilməyəcəyi, türk-Azərbaycan torpağı olduğu bu Bəyannamə ilə təsdiq edildi. 

Şuşa Türk dünyasının qəlbi, Azərbaycanın şah damarıdır. Belə bir önəmli bir bölgə çox təəssüf ki, 28 il işğal altında qalıb. Tarixi saxtakarlığı çox yaxşı bacaran ermənilər də bütün dünyanı buranın onların torpağı olduğuna inandırmağa çalışırdılar. Ancaq Azərbaycan ordusu dastanlara düşəcək bir şəkildə Şuşanı işğaldan azad etdi. 

Türkiyənin Şuşada Baş Konsulluğunun açılması həm də BMT tərəfindən sərhədləri tanınan Azərbaycanın və Şuşa bölgəsinin zəmanət altına alınmış olduğunu göstərdi. Türkiyənin Şuşada diplomatik missiyasının olması isə Türkiyənin Şuşaya verdiyi önəmdən irəli gəlir. Bu həm də Şuşanın üçüncü ölkələr tərəfindən bir daha heç vaxt təhdid edilməyəcəyinin bir nümayişidir”.

S. Oğan qeyd edib ki, sözügedən Bəyannaməylə Türkiyəylə Azərbaycan arasında ilk dəfə ortaq milli təhlükəsizliklə bağlı iclaslar keçiriləcəyi də bəyan olundu:

“Bu, Türkiyənin xarici siyasi əlaqələrində bir ilk olacaq. Eyni zamanda, bu, hər iki ölkənin milli təhlükəsizliyinin ortaqlaşdığı anlamına gəlir. Yəni Azərbaycanın milli təhlükəsizliyi Türkiyənin milli təhlükəsizliyi anlamına gəlir. Çünki ortaq milli təhlükəsizlik toplantılarında hər iki ölkəni də təhdid edəcək ünsürlər və hərbi sahədə həyata keçiriləcək əməkdaşlıq mövzuları müzakirə ediləcək”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar Türkiyə Prezidenti Ərdoğanın Şuşaya Zəfər yoluyla getməsinə diqqət çəkib. O qeyd edib ki, bu yolun təməli müharibədən sonra qoyulub:

“Prezidentlər Sığnaq kəndindən Daşaltıya və Şuşaya baxdılar. Əliyev Ərdoğana buralarda müharibənin necə getdiyi barədə məlumat verirdi. İki liderin həmin yerdə müharibənin necə getdiyi barədə müzakirələr aparması son dərəcə önəmli bir hadisədir. Bilirik ki, bu müharibə iki liderin ortaya qoymuş olduğu qərarlar nəticəsində baş verdi. Bu zəfər üçün Azərbaycanın 2904 nəfər əsgəri şəhid oldu. Bunu dildə səsləndirmək çox asan gələ bilər. Bu, yaxın tarixin ən sürətli gedən və ən qırıcı müharibəsidir. İki liderin iradəsi nəticəsində Qarabağ zəfəri baş tutdu. Bu savaş Azərbaycanın qurtuluş zəfəridir”. 

Jurnalist, ekspert Güngör Yavuzaslan da çıxışında Bəyannamədə diqqətçəkən əsas məqamlara toxunub.

O qeyd edib ki, burada əsas məqamlardan biri Qars anlaşmasına sadiq qalmaqla bağlı ifadələrin dilə gətirilməsidir: “Bu müttəfiqlik bəyannaməsinin ən strateji hissəsidir. 1921- ci ildə bağlanan Qars müqaviləsi Atatürk zamanında bağlanmış sənəddir. Naxçıvanın təhlükəsizliyinə Türkiyə cavabdeh oldu. Bundan əlavə, təhlükəsizlik, neft-qaz məsələləri, SİHA-ların Azərbaycanda istehsal edilməsinə dair önəmli strateji məqamlar da Bəyannamədə əks olunub”.

Onun sözlərinə görə, Şuşadakı bu görüntülər Nuru Paşanın, Mustafa Kamal Atatürkün, Türk dünyasının müstəqilliyi üçün canından keçən minlərcə şəhidin arzuları idi: “Diplomatiya olaraq bu sənəd Rusiya, Ermənistana və Amerikaya verilən mesajlar idi. Biz iki dövlət, bir millət ifadəsini işlədirdik. İndi isə tək dövlət kimi hərəkət etmək imkanına sahib olduğumuz bəyan edildi. Bəyannamədə də göstərildiyi kimi, Azərbaycana ediləcək hücum Türkiyəyə ediləcək hücum kimi dəyərləndiriləcək.

Eyni zamanda Türkiyəyə edilən hücum Azərbaycana edilən hücum kimi dəyərləndiriləcək. Qarşılıqlı olaraq terrorizmə, narkomaniyaya qarşı mübarizədə birgə addımlar atılacaq. 

Xatırladım ki, 2009-cu ildə Naxçıvanda Türk Birliyinin təməli atılmışdı. Bu Şuşa bəyannaməsi ilə də Türk dünyasına fərqli strateji mesajlar verildi. Əliyev və Ərdoğan ötən gün Türk dünyasının birliyi üçün böyük bir mesaj verdilər”. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, məhz Türkiyə ilə belə bir müqavilənin imzalanması müstəqillik qazanandan bəri Azərbaycanın çox arzuladığı məsələ idi:

“Belə ki, təhlükəsizlik, ərazi bütövlüyümüzün təmin olunması baxımından artıq sadəcə olaraq dostluq, qardaşlıq, əməkdaşlıq məsələsi yox, qarşılıqlı hərbi yardım haqqında müqavilə olsun. Ərazi bütövlüyünün təmin olunması məqsədilə hər iki dövlət bir-biri üçün zəmanət rolunu oynasın.

Türkiyə böyük dövlət olduğu üçün burada onun rolu daha böyükdür. Şuşa bəyannaməsinin də ən böyük əhəmiyyəti odur ki, iki dövlət arasında mümkün ola biləcək bütün əməkdaşlıqlar nəzərə alınıb. Ancaq bütün bunların başında təbii ki, təhlükəsizliklə bağlı məsələlər dayanır. O da qarşılıqlı hərbi yardım, müdafiə sənayesini möhkəmləndirmək, yeni ordunun yaradılmasından ibarətdir.

Bu, o deməkdir ki, artıq Türkiyənin burada hərbi bazası da yarana bilər. Üstəgəl, Şuşa kimi bir yerdə Baş Konsulluğun açılması, ən əsası isə BMT-nin tanıdığı ərazi bütövlüyünün hər hansı təhlükə yaranarsa, mütləq müdaxilə ediləcəyi və onun ərazi bütövlüyünün təmin olunması məsələlərinin qeyd olunması Azərbaycana zəmanət verən bir müqavilədir”. 

İ. İsmayıl vurğulayıb ki, bu, bizim indiyə qədər müstəqillik dövrü müddətində bağladığımız ən böyük müqavilədir:

“Məhz bunun da tarixə Şuşa Bəyannaməsi kimi düşməsi ikiqat tarixi əhəmiyyətini artırır. Vaxtilə Mustafa Kamal Atatürk dediyi  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” məsələsi sözün həqiqi mənasında real şəkildə həyata keçirildi.

Milli təhlükəsizliklə bağlı ortaq toplantıların keçiriləcəyi o deməkdir ki, həm daxilə, həm də xaricə yönəlik koordinasiyalı, uzlaşmış bir siyasət yönəltməliyik. Xarici siyasətdə də birgə fəaliyyət göstəririk, daxili məsələlərdə də... Hər hansı təhlükəsizlik məsələsi olarsa, iki dövlət uzlaşmış siyasət aparacaq. Bunun detalları gələcəkdə müzakirə olunacaq.

Şuşa Bəyannaməsi gələcəkdə müqavilə şəklinə də salına bilər. Bilirik ki, bəyannamələrin ratifikasiyaya ehtiyacı olmur. İlk məsələni həll edirsən, bundan irəli gələrək gələcəkdə ayrı-ayrı müqavilələr imzalamaq olar”.

Günel Türksoy