“Bu tarixi qələbə İlham Əliyevi Milli Liderə çevirib”

“Bu tarixi qələbə İlham Əliyevi Milli Liderə çevirib”
Oxunma sayı:

Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başlayıb. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident  Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı məqaləsində yazıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məqsəd qan tökmək və ərazi qəsb etmək deyil, düşməni ədalətli sülhə məcbur etməkdir. Adətən, uğurlu döyüşlər uğurlu diplomatik danışıqlarla yekunlaşır: “Azərbaycan diplomatiyasının belə danışıqlar aparmağa qadir olduğunun noyabrın 10-da bir daha şahidi olduq. Cəmiyyətimiz “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, bu inam, bu həmrəylik də Qələbəmizin əsas rəhnidir.  Hər bir Azərbaycan vətəndaşına sevinc bəxş edən hərbi nailiyyətlər ona görə əldə edilir ki, istər daxili opponentlərin, istərsə də müəyyən beynəlxalq qurumların tənqidlərinə baxmayaraq, uzun illər ərzində Ermənistan kimi təcavüzkarın mövcudluğu nəzərə alınaraq müdafiə xərcləri yüksək səviyyədə saxlanmış, ordu ən müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, silahlı qüvvələrin kadr hazırlığına xüsusi diqqət yetirilmiş, gənc zabit və əsgərlərimiz müxtəlif beynəlxalq missiyaların tərkibində bilik və bacarıqlarını təkmilləşdirmişlər. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 135 milyon ABŞ dolları idisə, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib.  Builki müdafiə xərclərimiz Ermənistanın analoji xərclərindən 3 dəfədən çoxdur. Geniş çeşiddə yerli hərbi məhsulların istehsalında qazanılan nailiyyətlər də Ermənistan üzərində hərbi üstünlüyümüzün artmasına birbaşa təsir edib.  

Beləliklə, İkinci Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş Ali Siyasi İradə var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı: “İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir”.   

İki əsrə yaxındır ki, Azərbaycan tarixi torpaqlarını itirə-itirə gəlib. 2020-ci ilin 27 sentyabrından isə tam fərqli bir Azərbaycanın doğuluşu yaşanır. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa təxminən üç onillikdən sonra düşmən əsarətindən qurtuldu, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i Laçın rayonları Azərbaycanın yuridiksiyasına qaytarıldı. Hər il rayonlarımızın işğal günlərini qeyd edirdiksə, bundan sonra azad olunma və Vətən müharibəsində Qələbə günümüzü qeyd edəcəyik. Bu tarixi Qələbə İlham Əliyevi, sözün həqiqi mənasında, Milli Liderə çevirib. O, xalqın ən ümdə gözləntilərini doğruldan praqmatik siyasi xadim, qətiyyətli Ali Baş Komandan, mahir diplomatdır. Vaxtilə Xalq Cümhuriyyətinin elan olunması, Bakının xilas edilməsi ilə tarix səhnəsinə yeni bir siyasi etnos kimi daxil olmuşduqsa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir”.