“Bu, tarixi zəfərə gedən yolun başlanğıcı oldu”

bu-tarixi-zefere-geden-yolun-baslangici-oldu
Oxunma sayı: 2480

Xalqına güvənən lider!

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vətəndaş müharibəsinin, xaosun qarşısını aldı. Ulu Öndər ölkənin uğurlu inkişaf modelini qurdu, yeni neft strategiyasını yaratdı, dünyanın aparıcı dövlətlərinin neft şirkətlərilə ”Əsrin müqaviləsini” bağladı, Ordu quruculuğu, iqtisadiyyatın inkişafına, ümumiyyətlə bütün sahələri əhatə edən davamlı və dayanıqlı inkişaf strategiyası müəyyən edilərək icra olundu. Dövlətimiz gücləndi, iqtisadi cəhətdən möhkəmləndi, xalqın sosial rifah halı və yaşayış səviyyəsi yüksəldi.

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və siyasi kursunun varisliyini təmin etmək üçün qədirbilən xalqımız Prezident seçkilərində İlham Əliyevi dəstəklədi.

Bu illər ərzində ölkəmiz inkişaf etdi, gücləndi, müasir Ordu quruculuğu həyata keçirildi, bütün sferalarda islahatlar aparıldı, davamlı və dayanıqlı inkişaf təmin edildi.

Artıq sonuncu Prezident seçkilərindən 4 il keçir.

2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 8-ci rəsmi seçki olmuşdur. Maraqlıdır ki, seçkilərdə 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdu. Seçkilərdə səsvermə hüquna malik olan vətəndaşların 74.3% iştirak etmişdi. Azad,demokratik və şəffaf şəraitdə keçən seçkilərdə İlham Əliyev Azərbaycan seçicilərin böyük əksəriyyətinin - 86.02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezideni seçilmişdir.

Xalq daima onu xoş gələcəyə aparan, sosial müdafiəsini gücləndirən siyasətə, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün gecə-gündüz çalışan Liderinə səs verdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq arenada mövqeyi xeyli güclənmişdir. Dövlət siyasətinin əsas strateji prioritetləri dövlətin təhlükəsizliyi, xalqın rifahı və milli maraqlar olmuşdur!

Xalq görülən işlərə, inkişafa, tərəqqiyə, sosial ədalətə, təhlükəsizliyə və xoş gələcəyə səs vermişdir! Prezident seçkilərinin nəticələri Azərbaycan vətəndaşlarının iradəsini əks etdirib.

Onu da qeyd etmək lazımdır ki, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Seçkiləri müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdi:

”Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub.”

Bu gün Prezident İlham Əliyevin “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikri öz real təsdiqini tapıb. Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatlara böyük diqqət verir, islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxıl olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri 13.5 dəfə artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3.6 dəfəyə qədər artmışdır. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əmək haqları 12.9 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yerləri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmib, 245 min nəfər məcburi köckün mənzillə təmin edilmişdir.

Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş əhalinin 2003-2018-ci illər ərzində maaşları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf etdirilib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi tikilərək xalqın istifadəsinə verilib.

Xüsusilə sevindirici haldır ki, 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini daha da gücləndirmişdir. Davos Dünya İqtisadi Formunun ”2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkə sırasındadır. Eyni zamanda ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişlənib və internet istifadəçiləri əhalinin 78 faizini təşkıl edib. İKT sektorunun iqtisadiyyatda payı 3.7 dəfə artıb. Azərbaycan müasir dünyanın inkişafı üçün dayanıqlı iqtisadiyyat formalaşdırıb. Respublikamızda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın az sayda üzvü olan kosmik klubuna daxil olmuşdur.

Prezident İlham Əliyev azad sahibkarlığı inkişaf etdirmək üçün 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilməsinə şərait yaratmışdır. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.Bu illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı surətdə inkişaf etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də ”Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda ”Cənub Qaz Dəhlizi”nin,12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. "Cənub Qaz Dəhlizi"nə qoyulan vəsait 40 milyard ABŞ dollarına bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici partnyorlar, banklar tərəfindən qoyulub.

Azərbaycan bu illər ərzində elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir! Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmış, böyük infrastruktur lahiyələri reallaşdırılmışdır. 30-dan çox yeni elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Onların generasiya gücü 3900 meqavata bərabərdir. Göstərilən vaxt kəsiyində yol və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilmişdir. Ölkəmizdə 15 min kilometr yeni yol çəkilməsi təmin edilmişdir, 7 aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir(Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Beynəlxalq Hava Limanı). Xəzər dənizində ən böyük yeni ticarət limanının tikintisinə başlanılmışdır. Dəmir yolu infrastrukturu yenilənib, yeni qatarlar alınlb.

Əhalinin su təchizatı məsələləri əsasən öz həllini tapmışdır. 2004-cü ildə Bakının su təchizatında çox ciddi problemlər var idi. O vaxt Bakı sakinlərinin cəmi 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatdırılmışdır. Eyni zamanda kənd təsərrüfatının inkişafı ücün böyük meliorasiya tədbirləri görülmüşdür. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.

Digər sahələrdə olduğu kimi bu illər ərzində idman sahəsində də böyük uğurlar əldə edilmişdir. İdmançılarımız 15 ildə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004-Afina, 2006-Turin, 2008-Pekin, 2010-Vankuver, 2012-London, 2014-Soçi, 2016-Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Azərbaycan idmançıları Rio De Janeyro Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yeri tutub.

2003-2018-ci illərdə əldə edilmiş müsbət nəticələr, xalqın və dövlətin davamlı inkişafına istiqamətlənmiş siyasət, iqtisadi nailiyyətlər, sosial tərəqqi Azərbaycanı regionda lider dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük yaradıcılıq-quruculuq işləri ölkəmizi inkişaf etmiş ölkələr sırasına çıxarmışdır! Məhz bu amillər Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər bütün beynəlxalq təşkilatlarda öz layiqli yerini tutmasına səbəb olmuşdur! Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların yüksək tribunalarından çıxış edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdırmış, ölkəmiz haqqında müsbət imic formalaşdırmağa müvəffəq olmuşdur.

Bütün bunlar Prezident İlham Əliyevin xalqı öz ətrafında milli ideya - Azərbaycançılıq məfkurəsi altında birləşdirməsi sayəsində baş vermişdir.

Qeyd olunan illər həm də Azərbaycan Ordusunun sürətli inkişaf dövrü kimi də xarakterizə etmək olar. Dünyanın ən müasir silahları ilə silahlanmış, texnikası ilə təchiz edilmiş, yeni döyüş texnıkasına yiyələnmiş ordumuz planetin güclü ordular sırasına daxil olub. 2016-cı ildə aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi. Dörd günlük aprel döyüşləri zamanı Ordumuz Talış kəndi ətrafındakı yüksəklikləri azad etməklə Goranboy rayonuna və Naftalan şəhərinə təhlükəni aradan qaldırdı, bundan başqa strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi də azad olundu. 2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibə ikinci Qarabağ müharibəsində qırx dörd gündə qazandığımız tarixi Zəfərə gedən yolun başlanğıcı oldu.

Sözsüz ki, son illərdə görülən taleyüklü işlərin ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizdir! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın qüruru özünə qaytarıldı! Azad edilmiş torpaqlarımızda yaradıcılıq-quruculuq işlərinə başlanıldı. İnanırıq ki, Prezident İlham Əliyev bundan sonra xalqımızın daha yaxşı yaşaması ,ölkəmizin daha da güclənməsi, qüdrətli ölkəyə çevrilməsi, onun dünya ölkələri arasında öz layiqli yerini tutması ücün fədakarlıqla çalışacaq. Hədəfi qalibiyyət, məqsədi yaratmaq-qurmaq olan Prezident İlham Əliyev xalqına güvənərək yeni zirvələrə doğru inamla addımlayır!

Elşad Həsənov,

Birinci Qarabağ müharibəsi veteranı, siyasi ekspert