“Bu, xalqa xidmət deyil, nədir?”

bu-xalqa-xidmet-deyil-nedir
Oxunma sayı: 2220

Millət vəkili Razi Nurullayev ölkədə son aylar aparılan islahatlarla bağlı məqalə yazıb.

“Qafqazinfo” deputatın sözügedən yazısını təqdim edir:

Bir ay əvvəl - 7 aprel tarixində Prezident hər biri 200 çarpayılıq 6 modul tipli xəstəxananın quraşdırılması məqsədilə sərəncam imzalamışdı. Cəmi 14,8 milyon manat pul ayrılmışdı. Bu gün o sərəncamın üstündən 1 ay keçib və Prezident ilk xəstəxananın açılışını etdi. Bu, yuxu yox, məsuliyyətin və qətiyyətin nəticəsidir. Cəmi 15 milyon manata yaxın vəsait hesabına 6 xəstəxana və hər birində də 200 çarpayı. Bu, qətiyyət və bacarıq, xalqa xidmət deyil, nədir?

Manatın məzənnəsinin dəyişməsinə qədər bir yolun çəkilməsi, bir xəstəxananın, bir məktəbin tikintisi indiki qiymətlərdən ən azı 5 dəfə baha başa gəlirdi. Demək ki, ayrılan büdcənin böyük bir hissəsi ciblərə gedirdi. Prezidentin etimad göstərdiyi, inandığı və etibar etdiyi şəxslər ona yalan deyirdilər, bütün mümkün vasitələrlə vəsaitləri şəxsi məqsədlərinə xərcləməyə çalışırdılar.

Bu məsələdə Prezidenti qınamaq olarmı? Xeyr, birmənalı olaraq olmaz. İnanmadan, etimad və etibar etmədən idarəçilik olarmı? Mümkün deyil. İdarəçilikdə komanda əsas şərtdir. Komanda xəyanət edirsə, yalan danışırsa, yalanlarla, gözə kül üfürməklə özünü bacarıqlı göstərirsə, yalançı statistika ilə baş altına yastıq qoyursa, rəhbər bunu bilənə qədər xeyli zaman keçəcək. Bütün dünyada bu tip hadisələr baş verir.

Bizim müxalifət cərgəmizdə də uzun müddət etibar etdiklərimiz, inandıqlarımız, şüurlu ömrümüzü sərf etdiklərimiz də etibarsız çıxıb, illərlə etdiyimiz xidmətə bir qara qəpik qədər dəyər verməyiblər. Mən neçə illər Əli Kərimlinin yanında oldum, ümid etdim ki, o dediyi kimi, tez bir zamanda hakimiyyətə gələcək və ölkə “süd gölü”ndə üzəcək. Bilməliydim ki, belə bacarıqlı idisə AXC hakimiyyətini saxlayardı. O nə etdi? Ən sadiq insanları xəyanətkar adlandırdı, amma özünün xəyanətkar olduğunu unutdu, özünün səriştəsizliyi və yalanları ilə bütöv bir müxalifət cərgəsini dağıtdı.

İndi aparılan islahatlara dəstək zamanıdır! Bu gün arzuladığımız zaman və şərait gəlib. Prezident Azərbaycanı vətəndaşların görmək istədiyi tərzdə dəyişmək və inkişaf etdirmək yolunu tutub və ona dəstək olmamaq dövlətçiyinin əleyhinə olmaqdır. Heydər Əliyevin hakimiyyəti illərində indi də meydanda olan o zamankı müxalifətin mənasız dirənişi, dialoqdan imtinası və özlərini çəkib dağ başına qoyması bizi 25 il geri salıb. Heydər Əliyevə normal işləməyə imkan vermədilər, əməkdaşlıqdan, hakimiyyətdə təmsilçilikdən imtina edərək onu hakimiyyətdən salmaq üçün bütün hiylələrə, ağlagəlməz metodlara əl atdılar. Heydər Əliyev isə komandasını yeniləyə bilmədi, yeniləməyə imkan verilmədi, hətta Qarabağ danışıqları ilə onu şantaj etməyə və devirməyə çalışdılar.

Belə vəziyyətdə nə olmalı idi? Atasına qarşı ən müxtəlif siyasi avantüralardan çəkinməyən müxalifətə qarşı Heydər Əliyevin oğlu İlham Əliyev nə etməli idi? Bu məsələlər hələ çox araşdırılacaq və müxalifətin bu günə düşməsində suçlu olanlar tarix boyu lənətlənəcək. İndi də eyni yolu tutublar və yola gəlmək istəyənlərin, yenidən 20 il öncəki səhvi təkrarlamaq istəməyənlərin ürəyini Əli Kərimli bulandırır, onları şantaj edir, əleyhlərinə kampaniya sərgiləyir. Sənin məqsədin nədir, Əli Kərimli?

Ömrünü bu xalq yolunda sərf edənlərin, məşəqqətlər yaşayanların yenə də zülm içində qalmasımı? 20 ildir bir kostyumda gəzən və sənin yalanlarına inanıb mütiyə çevirdiyin insanların ömürlərini bu şəkildə başa vurmasımı? “Neft ucuzlaşacaq və bu hakimiyyət gedəcək” kimi yalanlarınla yenə də o fədakar və avam adamları aldatmaqmı? Papiros tüstüsü ilə dolu kirli çayxanalarda ac-acına axşama kimi çay içib mədəsini xarab edib bu gün də həkimlərin qapısında gözləyib çarə tapa bilməyən sirdaşlarının ölməsimi?

Bu siyasi mübarizə deyil, mənasız dirənişdir! Dəyişən Azərbaycanla dəyişmək istəyənlərin yoluna təkər fırlatmaq pis siyasətdir!