Bu xəstəliyi olanların 6 aydan bir həkim qəbulunda olması mütləqdir - Endokrinoloq açıqladı

bu-xesteliyi-olanlarin-6-aydan-bir-hekim-qebulunda-olmasi-mutleqdir
Oxunma sayı: 4808

“Referans” Poliklinik Əhmədli filialının endokrinoloqu Dr. Elnur Məmmədov şəkərli diabet haqqında, bu xəstəliyin insan orqanizminə mənfi təsiri ilə bağlı sualları cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Diabetin erkən aşkarlanmasında hansı laborator müayinələrdən keçmək lazımdır?

- Əslində diabetin diaqnozunu qoymaq çətin deyil. 8-12 saatlıq aclıqdan sonra səhər venadan verilən qanda qlükozla yoxlamaqla diaqnoz qoya bilərik. Normal insanda aclıq şəkəri 100 mq/dl-ya qədər olmalıdır, 100-125 mq/dl gizli şəkər və ya prediabet, >=126 mq/dl olarsa, şəkərli diabet diaqnozu təsdiqlənir. Bəzi hallarda oral qlükoza tolerant test, 3 aylıq şəkər, qlikohemoqlobin analizin bizə köməyi olur.

- Bu xəstəlikdə irsi faktorlar nə qədər rol oynayır?

- Əsasən 2-ci tip diabetdə, yəni 35-40 yaşdan sonra rast gəlinən diabetdə irsi faktorun rolu var. Birinci dərəcə (ata, ana, bacı, qardaş) və ikinci dərəcə (əmi, dayı, bibi, xala) yaxınlarında şəkərli diabet olanlarda bu xəstəliyə rastgəlmə artır.

- Şəkərli diabet insanın hansı orqanlarına mənfi təsir göstərir?

- Biz şəkərli diabetə ciddi nəzarət etməsək, demək olar, insanın bütün orqanlarına təsirsiz ötüşməz. Diabetin kəskin və xroniki ağırlaşmaları var. Kəskin ağırlaşmalara qanda şəkərlərin yüksəlməsi və aşağı düşməsi ilə gedən komalar aiddir. Xroniki ağırlaşmalar böyük və kiçik damarların ağırlaşmaları olaraq 2 qrupa ayrılır. Böyük  damarların zədələnməsi nəticəsində miokard infarktı, beyin insultu baş verir. Kiçik damarlar zədələnərsə gözlər, böyrəklər, sinirlərdə ağırlaşmalar olur.

- Bu xəstəlik tamamilə sağalırmı?

- Çox təəssüf ki, bu xəstəlikdən tam sağalma olmur. Müasir şəkərsalıcı həblər və  insulinlərlə diabeti nəzarətdə saxlamaq olar. Son zamanlar bariatrik cərrahiyyə nəticəsində şəkərli diabetli pasiyentlərdə uğurlu nəticələr əldə olunub.

- Xəstəlik özünü daha çox hansı yaşlarda göstərir?

- Adətən 35-40 yaşdan sonra diabet yaranma ehtimalı çox olur. Ancaq 1-ci tip diabet uşaq yaşlarında yaranır və pasiyentlər ömür boyu insulin müalicəsi alırlar. Müasir dövrümüzdə bu xəstəlik daha da cavanlaşıb.

- Şəkərli diabet xəstəliyi olanlara məsləhətiniz nədir?

- Pəhriz, fiziki aktivlik, bir də həkimin təyin etdiyi müalicə və insulinləri düzgün qaydada istifadə etmək məsləhətdir. 6 aydan bir həkim endokrinoloqun müayinəsi və müəyyən laborator analizlər verilməsi mütləqdir. Həmçinin, ildə 1 dəfə EKQ, kardioloq müayinəsi, gözdibi müayinəsi, nevropotoloq konsultasiyası, hər vizitdə ayaq baxımı müxtəlif ağırlaşmaların qarşısını ala bilər. Sağlamlığınızın qeydinə qalın və həkim məsləhətlərinə riayət edin!