Bu xəstəxananın elektron sistemində problem yarandı - Rəsmi açıqlama

bu-xestexananin-elektron-sisteminde-problem-yarandi
Oxunma sayı: 2394

Bu gün səhər saatlarından Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemində problem yaranıb. 

Bununla bağlı “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Onlar bildiriblər ki, sistem çökdüyünə görə tibb müəssisəsində pasiyent qəbulu da dayanıb: “Bu gün səhərdən Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemi çöküb. Buna görə də qəbulu dayandırıblar, camaat qapının ağzında qalıb. Saatlardır sistemin nə vaxt açılacağını gözləyirik”.

Problemlə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, problem artıq aradan qaldırılıb: “Bu gün səhər saatlarında  internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib”.

Qeyd edək ki, bundan əvvəl də bəzi poliklinikalarda və Nizami Tibb Mərkəzində analoji problem yaşanıb.

Gülnar Əliyeva