“Bu, xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək”

bu-xidmet-edecek-ki-biz-oz-planlarimizi-tamamile-reallasdira-bilek
Oxunma sayı: 1599

“Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib.

“Bu gün Rusiya Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək.

Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik.

Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək”, - Prezident vurğulayıb.