“Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığın, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial xidmət haqqında” Qanunun müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, Qanunun 9-cu maddəsinə təklif edilən dəyişiklik üzrə qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb: “Qeyd olunan dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır. 11-ci və 12-ci maddələrə təklif edilən dəyişikliklər üzrə Sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır. Qanunun 19-cu maddəsinə təklif edilən dəyişiklik üzrə Qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən Bakı şəhərinə münasibətdə yaşayış məntəqəsi dedikdə Bakı şəhəri bütövlükdə başa düşülür. Qanunda təklif olunan dəyişikliyə əsasən “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcəkdir. Qanunun 20-ci maddəsinə təklif edilən dəyişiklik üzrə ilk olaraq aydınlıq gətirmək istərdim ki, Qanunun bütöv bir fəsli sosial xidmətin formaları və növlərinə həsr olunub. 20-ci maddədə qüvvədə olan redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.
Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq”.
A. Vəliyev bildirib ki, Qanunun 23-cü maddəsinə təklif edilən dəyişiklik üzrə hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib: “Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib.
Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.
Qanunun 25-ci maddəsinə təklif edilən dəyişiklik üzrə hazırkı redaksiyada yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər (xidmət göstərilən və xidmət göstərən) arasında müqavilə bağlanması nəzərdə tutulub. Təklif olunan dəyişiklik isə həmçinin dövlət büdcəsinin vəsaiti hesabına göstərilən ödənişsiz sosial xidmətlər zamanı da subyektlər arasında müqavilə bağlanmasını nəzərdə tutur.
Qanunun 28-ci maddəsinə təklif edilən dəyişiklik üzrəqüvvədə olan redaksiyada sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müəyyən olunsa da nəzarətin hansı qaydada aparılması müəyyən olunmayəb. Belə ki, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə qeyd olunan maddəyə dəyişiklik təklif olunur”.
Nuranə Daxilqızı