Bu yol da yenidən qurulur - Fotolar

bu-yol-da-yeniden-qurulur
Oxunma sayı: 3518

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə işlər aparılır. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.