Bu yola asfalt vurulsa da, xüsusi qoruyucu örtüyü var...

bu-yola-asfalt-vurulsa-da-xususi-qoruyucu-ortuyu-var
Oxunma sayı: 2368

Dünəndən qəmbər (daş) döşənmiş küçələrə Formula1 yarışına görə asfalt örtüyünün çəkilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, şəbəkə istifadəçiləri qaynar asfalt və asfaltı yaymaq üçün istifadə olunan 50-60 tonluq maşınların tarixi daş örtüklərə ziyan vuracağından narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, elə bir müddət əvvəl “Bakı Şəhər Halqası” şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai verdiyi müsahibədə bu məsələyə də toxunmuşdu.

O bildirmişdi ki, həmin ərazi asfaltlanan zaman xüsusi qoruyucu örtükdən istifadə olunur:

“Formula1 standartlarına müvafiq olaraq yenilənmiş yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsinə veriləcək. Üzərinə qəmbər daşları döşənmiş sahələrdə isə xüsusi qoruyucu örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq. Bundan başqa, İçəri Şəhərin perimetri boyunca Qala Divarlarının yüksək sürətlə hərəkət edən avtomobillərin səs titrəmələrindən və zərbədən qorunması üçün xüsusi qoruyucu qat çəkilməsi planlaşdırılıb”.

Günel Hacı