“Bu yolla Sənan Əhmədova şəhid ailəsi statusu verilə bilər”

bu-yolla-senan-ehmedova-sehid-ailesi-statusu-verile-biler
Oxunma sayı: 12896

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina etməsinə dair xəbər dünəndən gündəmdə geniş müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi açıqlama yayaraq bildirib ki, şəhid qardaşına qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Qeyd olunub ki, həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar müəyyən olunub. Lakin Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. 

Həmçinin oxuyun: Агентство касательно справки о шехиде Сабухи Ахмедове

Bəs qanunla şəhid ailəsi statusu kimlərə aiddir?

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

- ər-arvad;

- valideyn

- 18 yaşına çatmamış uşaqlar;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- qardaşlar və bacılar - uşaq evlərində tərbiyə olunanlar; 

- peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək;

- qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Sözügedən problem bir il əvvəl də  geniş müzakirə və tənqidlərə səbəb olmuşdu. Vətən müharibəsində şəhid olan Nurlan Nuruzadənin qardaş və  bacılarının Sumqayıtda köhnə mebel sexinin zirzəmisində yaşaması haqda yazı dərc etmişdik. Belə ki, 19 yaşlı Nurlanın şəhadətindən sonra anası cəmi 3 ay, atası isə 6 ay yaşaya bilib. Hər iki valideynini itirən qardaş və bacılar Sumqayıtdakı zirzəmidə məskunlaşsa da, dövlət qurumları tərəfindən onlara “Siz ailə üzvü hesab olunmursunuz” deyilərək ev verilməyib. 

Oxşar aqibətlə çətin vəziyyətdə yaşayan daha bir Vətən müharibəsi şəhidi -  milliyətcə rus olan Dmitri Solnsevin bacısı Yuliya Solnseva da qarşılaşıb. Y. Solnsevanın sözlərinə görə, şəhid ailəsi statusu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, imtina cavabı alıb. Ona bildirilib ki, respublikanın qanunvericiliyində bacının bu statusu alması nəzərdə tutulmayıb və bu statusu yalnız ana, ata, həyat yoldaşı və uşaqları ala bilər.

Müzakirələrdən sonra millət vəkili Fazil Mustafa Parlamentin iclasında ata və anası olmayan şəhidlərin bacı və qardaşlarına müavinət və ya ev verilməsi məsələsini gündəmə gətirmişdi: "Çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi. Şəhidlərin bacı və qardaşlarının da taleyini düşünərək bu humanist addım atılmalıdır".

Lakin həmin müzakirələrdən bir il keçsə də, qanunvericilikdə heç bir dəyişiklik edilməyib.

Dünən ictimailəşən məsələ ilə bağlı Milli Məclisin deputatı, insan haqları komitəsinin sədri Zahid Orucun fikirlərini öyrəndik. Deputat qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra təkcə bu xarakterli deyil, eləcə də digər sahələrdə qanunvericilik aktlarında bir sıra dəyişikliklər edilməkdədir və edilməlidir: “Bu prosesin davamlı olması üçün parlamentdə bütün komitələrə ölkə rəhbərliyindən mühüm tövsiyələr verilib. Əlilliyin verilməsi, onun dərəcələrin təyini məsələləri də daxil olmaqla bir sıra hallarda hələ də Birinci Qarabağ müharibəsi dövrünü əhatə edən, o zaman qəbul olunan qaydalar qüvvədədir. Onların yenilənməsinə hədsiz dərəcədə ehtiyac var. Bura şəhid ailəsi, kimlərin ailə üzvləri hesab olunması və əhatə dairəsi də daxildir. Dövlət qurumları məsələni hansısa təlimat sənədləri, əsasnamələrə yaxud da hüquqi qaydalara, aktlara istinadən addımlar atırlar. Bu, başadüşüləndir. Belə olan təqdirdə biz sürətli şəkildə addımlar atmalıyıq ki, vətəndaşlarla dövlət strukturları arasında anlaşılmazlıq yaranmasın. Qeyd etdiyiniz sonuncu hadisə ilə bağlı və digər müraciətlər bu sahədə parlamentdə bizə ciddi addımlar atmağa imkan verəcək”.

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusunun verilməməsi barədə danışan deputat qeyd edib ki, indiki vəziyyətdə hətta bilavasitə alternativ mexanizmlə - məhkəmə vasitəsilə hüquqi varislik məsələsi qardaşın üzərində müəyyənləşə bilər: “Çünki konkret olaraq bu məsələdə ailə üzvləri sırasında üçüncü və başqa şəxslər mövcud deyil. Onun hər iki valideyni yoxdur, bacı da yoxdur. Belə olan şəraitdə şəhid ailəsi statusu kimin üzərində olur? Bu, təbii ki, onun qan və gen daşıyıcısı, soyadla ata adları eyni olan bu insandır.

Mən məğrur, igid, qəhrəman analar tanıyıram ki, on illər ərzində sonradan şəhid olan övladını tək böyüdür. Onun bütün əziyyətinə tək qatlaşır, həyatın bütün çətin sınaqların təkbaşına sinə gəlir. Ailədə boşanma olur və övlad şəhid olduqdan sonra ata peyda olur və şəhid statusunun verdiyi güzəştlər, imtiyazlardan yararlanmaq istəyir.

Bu cür nümunələr də var. İndiki halda isə iki qardaşdan biri Azərbaycan torpaqları, ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşüb, şəhid olub. Onun şəhid olması, artıq sağ qalan digər qardaşı üçün bizim tərəfdən elə bir addım atmağı tələb edir ki, o ad hər zaman öz ucalığını qoruyub saxlasın. Ona görə də bu istiqamətdə hadisəyə gerçəkdən də operativ müdaxilə tələb olunur. Bura həm də qanunların Vətən müharibəsində qələbədən sonra duruma uyğunlaşdırılması, mövcud çağırışlara cavab verəcək səviyyəyə gətirilməsi də daxildir”.

Həmçinin oxuyun: Sabiq deputatlığa namizədin ölkədən çıxışına “stop” qoyuldu