Bu yolu niyə düzəltmirlər? - - Fotolar

bu-yolu-niye-duzeltmirler-
Oxunma sayı: 1311


“Qafqazinfo” xəbər verir ki, rayon sakinləri Milli.Az-a göndərdikləri şikayət məktublarında hələ də köhnə Qax-Zaqatala yolunun təmir olunmamasından gileylidirlər. Bu, rayon sakinlərinin Qum, Süskənt, Ləkit, Zərnə və Güllük kimi kəndlərə gedə biləcəkləri tək yoldur.

Kəndlilərin sözlərinə görə, evlərində xəstələri olan şəxslərin köməyinə gəlməyə çalışan Təcili Tibbi Yardım maşınının saatlarla gecikməsi bədbəxt hadisələrin yaranmasına gətirib çıxarır. Hətta bu yoldan taksi sürücüləri də imtina edirlər.

Sakinlər iş yerlərinə gedib-gəlmək üçün ən azı bir saat yolda dayanaraq bu yolla hərəkətdə olan tək avtobusu gözləmək məcburiyyətində qalırlar. Bu da onların iş yerlərinə gecikmələri, habelə işdən evə gəldikdə xeyli vaxt itirmələrinə səbəb olur. Keçən yay yolun təmirinə başlanılsa da, az müddət sonra işlər yarımçıq dayandırılıb. Yay aylarında isə bu yolda havaya qalxan toz-torpağa görə sakinlər əziyyət çəkdiklərini bildirdilər.

Sakinlər əlavə ediblər ki, bu yola ayrılan pullar aidiyyatı üzrə istifadə olunmur.

Milli.Az durumla bağlı Qax Rayon İcra Hakimiyyətinin fikrini öyrənib. İH-in İctimai-siyasi şöbəsinin əməkdaşı Nəzir Nəsirov problemdən xəbərdar olduqlarını bildirdi: "O yol dövlət proqramına düşüb və təmir olunacaq. Sakinlər sizə niyə müraciət edirlər ki? O məsələlər gündəmdədir. Şəxsən rayon icra başçısı da sakinlərlə görüşəndə həmin məsələlər qaldırılır. Nə mümkündürsə, həmin istiqamətdə köməklik olunur".

N.Nəsirov şikayətçiləri inandırmağa çalışdı ki, o yolda hər şey qaydasındadır: "Şəxsən mən bir həftə əvvəl o yolu getmişəm. Siz Qaxda yoldaşlardan soruşun və onlar da təsdiqləyəcəklər ki, şəhərə qədər super yol çəkilib. Həmin yolun davamı olaraq bu yol bu il və ya üzümüzə gələn il davam etdiriləcək".

Tikinti işlərinin yekunlaşacağı vaxtla da bağlı danışan İH əməkdaşı dəqiq məlumata sahib olmadığını dedi: "Dəqiq vaxtı tikinti şöbəsi deyə bilər. Bu yolun davamı Qax şəhərinə girişdən planda var. Zəlzələ olandan sonra sosial obyektlər və fərdi yaşayış evləri yüksək səviyyədə tikilib istismara verilib. Cənab prezident də özü şəxsən burada 2-3 dəfə olub. Həmin kəndləri indi görsəniz, tanımazsınız. Müasir tələblərə uyğun olan evlər tikilib. Yol da həmişə diqqətimizdədir. Sakinlər şikayət edirlər, amma onlar da bilməlidirləe ki, bu, mərhələli olan bir şeydir. Hər şeyin bir vaxtı var. Cənab prezident də vəsait ayırıb".

N.Nəsirov jurnalistlərə səslənməyi də unutmadı: "Sizdən bunu real obyektiv qiymətləndirmənizi xahiş edirəm. Burada laqeydlikdən söhbət belə gedə bilməz. Bəli, belə faktlar var, amma bu problemlər həll edilir. Məsələn, Şəkiylə Qaxın arasında olan yol gözəl düzəldilib. Səhv etmirəmsə, 35 km-lik yoldur. Bunları mütəxəssisdən öyrənsəniz, daha yaxşı olar. Mən sadəcə, ümumi bir vəziyyəti sizə dedim".

Xatırladaq ki, Prezident İlham Əliyev 2013-cü ilin fevral ayında Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, 7 min sakini olan 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Qax Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.