Üç gündür olmur...

uc-gundur-olmur
Oxunma sayı: 714

Bir dəfə kəndimizdə yas düşmüşdü. Bakıdan yas yerinə baş çəkməyə gedəndə atamı kədərli gördüm. Atam insan ölümünə kədərlənən adamlardan deyil. Ondan nə baş verdiyini soruşdum. Atam ölən adama işarə vurub dedi ki, adamın sinif yoldaşları, tay-tuşları ölməyə başlayanda sən artıq məsələnin nə yerdə olduğunu dərk eləyirsən. Atam bu sözü ilə məni o vaxtdan öz ölümünə hazırlamağa başlayıb. Ancaq hələ tam hazır deyiləm...

Mən yazıya bu girişi Əjdərə görə verdim. Üç gündür Əjdər ölüb. Və mən özümü heç cürə bu hadisəyə hazırlaya bilmirəm. 50 yaşı yenicə tamam olan, Azərbaycanın görkəmli fotoreportyoru Əjdər. Dünyada analoqu olmayan bir insan. Ondan qabaq ölkənin ən şəkil kimi oğlanlarından biri prezidentin fotoqrafı Oqtay Məmmədov öldü. O da altmışa çatmamış. Oqtaydan bir az əvvəl sözün şəklini rəssam kimi çəkən Adil Qaçayoğlu, ondan da qabaq Məmməd Nazimoğlu. Hələ aralıqda bizim başımızı qatıb lap cavan yaşında bu dünyadan qaçıb gedən Ceyhun Nağını demirəm... Dostlar, bu uşaqların heç biri 60 illik yubileyini keçirə bilmədilər. Onların biri 55, biri 50, biri 40-da getdi. Mən də üzü qırxa gedirəm... Bilirəm ki, dostları, tay-tuşları ötüb keçmək mümkün deyil. Atamın kədəri düşür yadıma... O, məni belə görməsin kaş, gözlərimin kədərini istəmirəm görsün. Axı mən onu övladım kimi sevirəm. İstəmərəm Əjdərin ölümündən belə sarsılmağımı görsün. Elçin Səlcuq öləndə atam mənim gözlərimdəki kədərə görə uzun müddət özünə gələ bilmədi.

Bu yazını oxuyan başqa peşələrin sahiblərindən rica edirəm ki, məndən inciməsinlər. Jurnalist ölümü dəhşətdir, buna dözmək, tap gətirmək mümkün deyil. Onlar öz əcəli ilə ölmür, hamısı peşə fəaliyyətinə görədir... Bayaq adlarını çəkdiyimi o əzəmətli oğlanların yaşına baxın. Dözməyib ürəkləri çəkdiklərinə, yazdıqlarına. Əjdərin bircə şəkli çəkməyə sərf elədiyi enerjini adam var on illik həyatını yaşayanda sərf eləyə bilməz. O, hər gördüyünü çəkə bilməzdi e, şəkli gərək əvvəl onun gözləri çəkəydi... Adamı tutub saxlamaq, bir yerdə işlətmək, müsahibə almaq olmurdu. Bir dəfə küçədə gördüm, aldada-aldada dartıb redaksiyaya gətirdim. Güclə tovlayıb ondan bir müsahibə aldım. Başlığı da beləydi: “Mətbuatdan küsmüşəm” “Qafqazinfo”nun arxivini dağıdıblar deyə Əjdər öləndə o müsahibəni tapıb sayta qoya bilmədim.

Əjdərdən yaza-yaza gözümün qabağına “Turan”ın Elxanı, “Yeni Müsavat”ın Alimi gəlir. Siz Allah, bu adamların gedişlərinə baxın... Hamısı qətlə yetirilib elə bil. Qətlə yetirilən jurnalist kimi ölüblər, Elmar Hüseynov kimi... Elə birdən eşitmişik ki, Ceyhun Nağı işə gələndə birdən ürəyi dayanıb, Oqtay şəkil çəkirmiş, sakitcə oturub yerə və... Hamısı Rafiq Tağı kimi bıçaqlanıb, ürəklərində yara olub. Yoxsa, ayrı cür mümkün deyil. Adam durduğu yerdə necə ölə bilər axı?

Görəsən, Alimdən, Elxandan, Oqtyadan Əjdərdən sonra Azərbaycan jurnalistləri kimin ümidinə qalacaq? Kim onların ürəyindən keçəni çəkəcək? Kim təbiəti öz fotoaparatı ilə tutub saxlayacaq axı, kim?.. Yoxsa, daha bundan sonra çəkməyə nə təbiət, nə də təbiəti olan bir adam qalmayıb?

Tanrı sənə rəhmət eləsin, Əjdər. Sənlə bir yerdə dözmək, işləmək nə qədər çətin idisə, sənsiz də mümkün olmur. Üç gündür olmur...