Üçüncü qardaş

ucuncu-qardas
Oxunma sayı: 739

Əcəba Üzeyir bəy kimi, xalqına, millətinə vicdanla xidmət etmək əvəzində onun şöhrəti arxasında gizlənən, ona olan xalq sevgisinin belinə minib gündəmə gələn bir para savadlı şəxslərin gizlinlərdə çevirdiyi işlər böyük sənətkara agah olurmu görəsən? Kaş ki olmasın... Yoxsa bu dünyası kimi, o dünyasının da qəm-qüssə içində keçdiyinə şübhə etməyək gərək!

Nədənsə həmişə məni hamının bildiyi, hamının haçalaq-huçlaq qələmə aldığı səfeh-səfeh xatiratlar yığını deyil də bax belə cığal, xain, paxıl, xalqısevməz mətləblər düşündürür. Hələ bir buna baxın: Ulu Nizaminin yanına qoyulası dahi bir sənətkar axtarışına çıxsaq bu qeydsiz-şərtsiz Üzeyir Hacıbəyli olacaq! Dahi epoxası olan insanlardaır. Biz Nizami və Üzeyir Hacıbəyli epoxasının adamlarıyıq... Ancaq Nizamini yetirən intibah dövrü ilə müqayisədə Üzeyir bəyin zamanı babırçı bir zamandır. Repressiyalar, satqınçılıqlar, qəddarlıqlar və namussuzluqlar zamanıdır. Üzeyir bəy sağ qalmaq, üstəlik o cür yaşayıb-yaratmaq, yüksək postlarda vəzifə tutmaq, daban-dabana zidd olan, biri-birinin ətini yeyib sümüyünü gəmirən iki respublikanın himnini yazmaq üçün nələri güzəştə getmişdi, nələrdən imtina etmişdi və nələri uduzmuşdu. Əgər bunu etmişdisə o böyüklüyü, o insanlığı, o Allah adamı olmaqlığı necə qoruyub saxlamışdı? Şöhrətindənmi çəkinmişdilər əcəba? İnanılası deyil. O rejimin belə mücərrəd qorxulara bac vermədiyini uşaqlar da bilir...

...Bir dəfə yurddadurmaz istedad sahiblərindən biri, tərslikdən maraqlı bir paralel apardı. Demək necədir: Mirzə Cəlilin “Anamın kitabı” əsərində üç qardaş var – biri pantürkist, biri panislamist, o biri urusbaş! Bunların uzun-uzadı və bitib-tükənməz mübahisələri sinəsinə öz kitabını sıxmış ananı narahat edir. Ana oxuduğu əcnəbi kitablarla başı xarab olan avara gədələrinə döşlərinə sıxdığı kitabı göstərərək yalvarır: “Bəs bunu nə vaxt oxuyacaqsınız?”

Oğullardan biri, hansı olduğunu dəqiq bilmirəm, qəflətən başını qaldırıb anasına deyir: “Eeee, məmə, sən maraqsız yazırsan!”. (Zarafat edirəm)
Həəə... vətənsevməz istedad sahibi fikrinə davam edir: Biz Üzeyir bəyin “O olmasın, bu olsun” əsərində həmin üç qardaşın ikisi ilə rastlaşırıq və əclafları dərhal tanıyıb ərkyana bir şillə ilişdirir, barmağımızı yaltaqlıqla yelləyirik. Bunun biri Məşədi İbad (islamçı), o biri Qəzetçi Rzadır (türkpərəst). Ruspərəst qardaş yoxa çıxıb, əvəzində avropapərəst Həsən bəy peyda olub.
“Bilirisiz niyə” – xalqadüşmən gənc davam edir hələ də – “çünki ruspərəst Üzeyir bəy özüdür! Özünü yazmayacaq ki?”. Və arsız-arsız hırıldayır...
Canıma qara qayğılar dolur. Əcəba yalanmı? Necə yalan! Doğrusa, elə Qarabağın getməsi, anamızın kitabının bağlı qalması, üstəlik urusbaş birisinin hardasa, hansısa ziyalının-yazıçının cildində gizlənməsi bu məşhur librettodan başlamırmı? Ah böyük Üzeyir! Ah “Uvertüra!
...Xalxın uşaqları gördüyünə, oxuduğuna inanar, biz eşitdiyimizə. Postmodernizm kimi dəftərli-kitablı, kinolu-tamaşalı, göydələnli-yerdələnli, rəsmli-fotolu gələn böyük bir sivilizasiya belə bizə çayxanalardan sirayət edir...
Mənimki də təsadüf! Tehranda, kitab sərgisində, Üzeyir bəyin “O olmasın, bu olsun” librettosu düşdü əlimə. Oxudum. Nə görsəm yaxşıdır: “İntiligent” Həsən fransızpərəst deyil, ruspərəstmiş... Kitabda da filmdəki kimi fransız deyil, yerli-yersiz rus ibarələri ilə qonuşurmuş...
Açığı gözlərim doldu. Dahi bəstəkarın iri fotoşəklini öpməkdən özümü saxlaya bilmədim.