Büdcə layihəsi müzakirə olundu

budce-layihesi-muzakire-olundu
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov büdcə layihəsində sosial ipoteka ilə vəsaitlərin iki dəfə çoxaldılmasını müsbət hal kimi dəyərləndirib. Amma şərtlərin hələ də ağır olduğuna diqqət çəkib:

“Vəsait əvvəl 20 milyon manat idi, gələn ilki büdcədə 40 milyon manat olacağı göstərilir. Bu yaxşıdır, amma ipoteka şərtləri hələ də ağırdır. Ev var, tələbat var, amma şərtlər ağırdır. Şərtlər yüngülləşdirilməlidir».

Bundan başqa, Vahid Əhmədov büdcədə investisiya layihələrinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı nəzarətin lazımınca aparılmadığını deyib.

«Büdcə vəsaitlərinin 50 faizə qədəri investisiya layihələrinə ayrılır, amma həmin vəsaitlərin necə xərclənməsinə nəzarətlə bağlı hər hansı bir mexanizm yoxdur. Bunun üçün Maliyyə Nəzarəti haqqında qanun qəbul edilməlidir».

Vahid Əhmədov kənd təsərrüfatı istehsalçılarının satış problemi ilə üzləşdiyini və bunun üçün müəyyən mexanizmlərin hazırlanmalı olduğunu da bildirib.

«Hər il Qubada 20 min tondan çox alma, elə bir o qədər də kartof, soğan Gədəbəydə zay olur. Bu məhsulları istehsal edən adamlar öz mallarını sata bilmir. Onlara şərait yaradılmalıdır ki, öz məhsullarını xarici bazarlara çıxarsınlar».

Onun sözlərinə görə, 2013-cü ilin büdcə layihəsində kənd təsərrüfatına 470 milyon manat vəsait ayrılması nəzərdə tutulub, gəlirlər isə 27 faiz proqnozlaşdırılıb.

«Bu artımla ölkənin ərzaq təhlükəsizliyi nə vaxt təmin olunacaq» deyə, deputat sual edib.

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə səslənən irad və irəli sürülən təkliflər üzərində düşünməyin vacib olduğunu deyib.

Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov vəsaitlərin xərclənməsinə nəzarətlə bağlı problem olmadığını qeyd edib. O, nazirlik yanında fəaliyyət göstərən qurumla Hesablama Palatasının birlikdə bu nəzarəti həyata keçirdiyini deyib.

Milli Məclisin 5 komitəsi büdcə layihəsini müzakirə edərək, parlamentin plenar iclasına tövsiyə edib. Noyabrın 7-də yerdə qalan 6 parlament komitəsi layihəni müzakirə edəcək. Bütün komitələrdə müzakirələr bitəndən sonra isə layihəyə MM-də baxılacaq.