Büdcə xərcləri 5,1 faiz artımla icra edilib

Büdcə xərcləri 5,1 faiz artımla icra edilib
Oxunma sayı: 473

2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5414,8 mln. manat proqnoza qarşı 5523,7 mln. manat və ya 102,0 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1 faiz çoxdur. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. 

2021-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4020,5 mln. manatı və ya 72,8 faizi cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 mln. manat və ya 5,1 faiz çox), 1105,7 mln. manatı və ya 20,0 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,0 mln. manat və ya 7,8 faiz çox), 397,5 mln. manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2651,6 mln. manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 mln. manat və ya 5,2 faiz çoxdur.

2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Günel Türksoy