Builki “BakuTel”də ilk dəfə televiziyalar iştirak edəcək

builki-bakutelde-ilk-defe-televiziyalar-istirak-edecek
Oxunma sayı: 723

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə İTE Qrup şirkətinin İcraçı direktoru Edvard Stroon çıxış edərək builki sərginin Azərbaycanda rabitənin yubileyi ilə üst-üstə düşdüyünə görə daha əlamətdar olduğunu deyib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, bu sərgi müasir texnologiyaların ölkəyə gətirilməsi baxımından əhəmiyyətə malikdir: “Builki “BakuTel” sərgisində ilk dəfə olaraq televiziyalarımız da öz stendləri ilə iştirak edəcəklər. Sərgi çərçivəsində iki beynəlxalq konfrans keçiriləcək ki, bu konfranslarda Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərinin iştirakı gözlənilir”.

“BakuTel-2011”in meneceri Rəna Abutalıbova sərgi barədə məlumat verib. Qeyd edib ki, bu ilki sərgidə iki dəfədən də çox artım müşahidə olunur: “Dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər. İlk dəfə olaraq, “BakuTel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşəcək. Sərginin daimi iştirakçıları Azel, Azercell Telecom, Azerfon, Aztelecom, SAZZ, B&B TV, Bakcell, Baku Telephone Communications Production Association, Caspel, Caspian Navtel, Delta Telecom, Idrak Technology Transfer, Microsoft, Nokia Siemens Networks, R.I.S.K., SINAM, Softline, Teleradio, Ultra və başqa şirkətlərdir”.
Qeyd edək ki, bu ilki “BakuTel” sərgisini Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dəstəkləyir.
Smart Zone” (“İntellektual ərazi”) – sərginin yeni və əhəmiyyətli layihəsi olacaq. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərin təkcə Azərbaycanda deyil, həm də regionda İKT sektorunun ən iri tədbiri sayılan bu sərgi çərçivəsində öz ixtiraları, proqramları və xidmətləri haqqında məlumat vermələrinə imkan yaratmaqdır. “İnnovasiyalar ərazisi” layihəsi çərçivəsində iştirakçılar yeni yüksək texnoloji məhsullar nümayiş etdirəcəklər. Sərginin daha bir innovasiyası - oyunlar ərazisi olacaq.
24 noyabr tarixində “Bakı Ekspo” mərkəzinin konfrans zalında baş tutacaq “BakuTel” konfransında isə innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaq.

Nigar Məmmədli