“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk futbolinfo.az saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Deyəsən, əvvəlcədən hiss etmişdiniz ki, gürcülərlə qarşılaşacaqsınız...
- (gülür) Yox-yox, biz Gürcüstana təlim-məşq toplanışına gəlmişik. Sadəcə, püşk belə qərar verdi. Həm də axı, ilk oyunu evdə keçiririk. Deməli, əvvəlcə Azərbaycana qayıtmalı olacağıq, sonra yenidən bura gələcəyik.
- Ancaq püşkatmaya görə, hər 3 klubumuz ilk oyunu evdə keçirir. Belədə, böyük ehtimalla təmsilçilərimizdən biri ilk qarşılaşmanı səfərdə keçirəcək...
- Əlbəttə, ilk oyunu Gürcüstanda keçirmək istəyərdik. Ancaq bunu mən həll etmirəm. Hansı qərar verilsə, elə də olacaq.
- Rəqib haqda hansısa bilgiyə sahibsiniz?
- Gürcüstan futboluna yaxşı bələdəm. Topla davranmağı bacaran, texnikalı, baxımlı futbol sərgiləyirlər. O ki qaldı dəyərləndirməyə, “Samtredia” haqda heç bir məlumatım yoxdu. Bir onu bilirəm ki, son mövsümün gümüş mükafatçılarıdı. Ancaq buna da şükür. Çünki indi konkret hansı rəqibə qarşı oyuna hazırlaşacağımızı, kim haqda bilgi toplamalı olduğimu bilirəm.
- Rəqibiniz heyəti büst-bütün yerli futbolçulardan qurulub...
- Buna təəccüblənmirəm. Gürcü futbolçular kifayət qədər müsbət keyfiyyətlərə malikdilər. Asan olmayacaq.
- Hazırda Gürcüstandasınız. “Samtredia”nın “şpionlar”ının oyununuzu izləyəcəyindən çəkinmirsiniz?
- Müasir dövrdə istənilən informasiyanı əldə etmək olur. İstəyirsən lap Antarktidada ol, ordan da məlumat toplayacaqlar. Bu baxımdan narahatçılığım yoxdu. Həm də ki, biz yeni kollektiv qururuq. Hələ heç özüm düz-əməlli baş çıxarmamışam, gürcülər hardan baş çıxarsın?
- Bu cür rəqibi arzulayırdınız?
- Nə deyim, rəqibdi də. Biz püşkatmaya təsir mexanizminə sahib deyilik. Kimin düşəcəyi bizdən zərrə qədər də asılı olmayan şeydi.
- Ötən mövsüm “Qəbələ” tarixinin ən şanlı səhifəsini yazdı. Onda da zəfər yürüşünüzü gürcülərə qarşı başlamışdınız...
- İnanaq. Biz bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışacağıq ki, uğurlu nəticə əldə edək.
Son xəbərlər
Son Xəbərlər