“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
"Dalğa Arena"dakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qalibiyyəti belə şərh edib:
“Bizim üçün hər bir qələbə vacibdi. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündü. Gün-gündən sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm".
Təcrübəli mütəxəssis heyətdəki yeni futbolçulardan da danışıb: "Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”.
"Dalğa Arena"dakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov da açıqlama verib, o, məğlubiyyəti belə şərh edib:
“Qarabağ” komandasını qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidi. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdu. Həmin problemi yoluna qoymalıyıq. Futbol aqressiv oyundu.
Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdu. Sadəcə, ədalət tərəfdarıyam”.
Son xəbərlər
Son Xəbərlər