“Bunlar kobud oyunbazlıqdan başqa bir şey deyil” - Bəyanat

bunlar-kobud-oyunbazliqdan-basqa-bir-sey-deyil-beyanat
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “Həqiqət ondan ibarətdir ki, Ermənistan 20 il əvvəl Azərbaycanın ərazisini işğal etmiş və dünya birliyinin diqqətini işğal faktından yayındırmaq üçün zəbt etdiyi ərazilərdə “Dağlıq Qarabağ Respublikası” adında qondarma bir qurum yaradaraq onun “müstəqilliyi”ni elan edib. Bütün bunlar kobud oyunbazlıq, farsdan başqa bir şey olmayıb. Onu da qeyd etməliyik ki, həmin dövrdə bölgədə yaşayan 45 min nəfər azərbaycanlının rəyi nəzərə alınmayıb və hüquqları kobud şəkildə pozulub. Bölgədən zorla çıxarılmış həmin azərbaycanlıların sayı indi 75 min nəfər təşkil edir”.

QAT bəyanatında beynəlxalq birliyin nəzərinə çatdırır ki, ermənilərin “müstəqillik” adlandırdıqları bu işğal tarixi bölgə üçün əsil fəlakətin başlanğıcı olub: “Ermənilər bu gün əsası başabəla liderləri tərəfindən qoyulan fəlakətlərinin, faciələrinin 20 illiyini qeyd etsəydilər reallığa daha uyğun olardı. Çünki onlar bu 20 il ərzində aclıq və səfalətdən başqa heç nəyə nail olmamış, siyasi cəhətdən isə liderlərinin ucuz manipulyasiya predmetlərinə çevriliblər”.

Statistik məlumatlarla Ermənistandakı ağır vəziyyətin nəzərə çatdırldığı bəyanatda vurğulanır ki, Bölgənin bu vəziyyətə düşməsinə görə işğalçı Ermənistanın rəhbərləri cinayət məsuliyyəti daşıyır: “Bu bölgə Azərbaycan ərazisidir, ona görə də yaranmış acınacaqlı vəziyyət daha çox bizi narahat edir. İşğalçılar orada müvəqqətidirlər, gec-tez bölgəni tərk edəcəklər, bölgəni yenidən bərpa etmək, ağır vəziyyətdən çıxartmaq işi bizim üzərimizə düşəcək. Biz beynəlxalq təşkilatların diqqətini bir daha Qarabağ məsələsinə cəlb edir, bu fəlakətli vəziyyətin aradan qaldırılması, erməni işğalının ləğv edilməsi üçün təcili addımlar atılmasını tələb edirik. Biz Azərbaycan hakimiyyətindən düşmənə qarşı hərbi yolun seçilməsini tələb edirik. Bizim artıq başqa yolumuz yoxdur!”.

Fatimə Kərimli