“Bunların iç üzləri də açıldı” - YAP-dan sərt cavab

bunlarin-ic-uzleri-de-acildi
Oxunma sayı: 2223

“Azərbaycana heç bir sanksiya, viza qadağası tətbiq edə bilməzlər. Buna ixtiyarları da yoxdur. Birinci öz ölkələrinə, qəbul etdikləri qərarlara, saldıqları milli-dini-irqi ayrı seçkiliyə baxsınlar, ondan sonra Azərbaycanla bağlı qərar qəbul etsinlər”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qətnamə ədalətsizdir və heç bir fakta əsaslanmır: “Əvvəlki illərdə olduğu kimi, yenə də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Orada təmsil olunan müəyyən siyasi qruplar, dairələr erməni lobbisinin təhriki ilə ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində Azərbaycana qarşı qeyri-obyektiv qətnamə qəbul edib”.

Deputat qətnamənin bir neçə punktunda olan maddələrdən də danışıb.

Jurnalistlərin həbs edilməsi ilə bağlı maddəyə cavab olaraq qeyd edib ki, dünyanın bütün ölkələrində bu və ya digər şəkildə istənilən şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunur: “Jurnalistin peşə fəaliyyəti törətdiyi cinayəti sığortalamır. O baxımdan onların da həbs edilməsi fəaliyyəti ilə bağlı deyil, cinayət əməli ilə bağlıdır. Bunlar vergidən yayınma, xarici ölkələrə işləmə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmadır. Avropa ölkələrində də bu müddəalarla bağlı ağır cəzalar mövcuddur. Bir fotoreportyorun öz həmyerlisi ilə arasında olan münaqişə nəticəsində dünyasını dəyişməsindən Azərbaycan iqtidarına qarşı istifadə edirlər. Guya vaxtilə bu adam tənqid etdiyinə görə döyüb öldürüldüyünü Avropaya sırımaq istəyirlər. Halbuki Azərbaycan ictimaiyyəti bilir ki, bu sırf məişət zəminində törədilmiş hadisə idi. Bunun nəticəsində də yeddi nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onda belə çıxır ki, Amerika Birləşmiş Ştatlarında canlı efir vaxtı iki nəfərin güllələnməsinə görə bütün Dövlət Departamenti, o cümlədən Prezident Administrasiyası və digərləri də məsuliyyətə cəlb olunmalıdır. Yəni o qədər subyektiv anti milli ruhda bu qərarlar qəbul olunur ki, bunun yamaq kimi olması da uzaqdan görünür”.

Deputat vurğulayıb ki, Azərbaycanda çıxarılan məhkəmə hökmləri ilə bağlı istənilən şəxsin Avropa Məhkəməsinə şikayət etmək hüquqı var: “Hələ məhkəmə prosesi gedir, bəzi adamlar haqda qərar çıxarılmadan indidən məhkəmə prosesinə təsir göstərməyə çalışırlar. Bu da onu göstərir ki, onlar insan hüquqları ilə məşğul deyillər. Həmin şəxslər o dairələr tərəfindən maliyyələşdirilir ki, Azərbaycanda iğtişaş törətsinlər, ictimai-siyasi sabitliyi pozsunlar. Bu gün ərəb ölkələrində milli dövlətləri dağıdan, stabilliyi pozan, insanları qul vəziyyətinə salan, onları öz ölkələrinə buraxmayanlar insan hüquqlarından danışırlar.

Öz ölkələrində miqrant hüquqi ilə istər BMT-nin qətnaməsi, istərsə də Avropa Xartiyasına uyğun şəkildə davranırlarmı? Bir ölkə dini ayrı seçkilik salaraq ancaq xristianları qəbul edəcəyini deyir”.

Hakim partiya təmsilçisinin sözlərinə görə,Avropa Parlamenti bu gün qlobal miqrant problemi ilə məşğul olmaq əvəzinə, Azərbaycanda keçiriləcək seçkilərlə bağlı qərəzli qətnamələrin qəbul edilməsinə çalışır: “Bunların iç üzləri də açıldı. Gözləyirdilər ki, Azərbaycan seçkilərə xarici müşahidəçi qəbul etməyəcək və buna bizi təhrik edirdilər. Azərbaycana göndərilən müşahidəçilərin böyük əksəriyyəti Dağlıq Qarabağ ərazisində olmuş insanlardır. Hətta tərkibində Dağlıq Qarabağla Dostluq Qrupunun rəhbəri olan insanlar da var. Lakin Azərbaycan beynəlxalq müşahidəçilərin ATƏT-in, Demokratik Təsisatlar və İnsan Haqları bürosunun, Avropa Şurasının, Avropa Parlamentinin nümayəndələrini seçkini müşahidə etməyə dəvət edib. Çalışırlar ki, Azərbaycan müşahidəsiz seçkilər keçirsin. İkinci yol olaraq onlar qəsdən çağırış edirlər ki, ayrı-ayrı dövlətlər, strukturlar parlament seçkilərində müşahidəçi kimi iştirak etməsinlər. Çünki bilirlər ki, iştirak etdikdə nə qədər ədalətli, demokratik seçkilərin keçirildiyinin şahidi olacaqlar”.

Günel Türksoy