“Bunu ermənilər çox yaxşı bilir...”

bunu-ermeniler-cox-yaxsi-bilir
Oxunma sayı: 1714

“Bütün məsələlərdə qarabağlaşmalıyıq. İqtisadiyyatdan, mədəniyyətdən və başqa sahələrdən elə danışın ki, Dağlıq Qarabağ da yada düşsün".

"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

Komitə sədri vurğulayıb ki, millət məsələsi digər maraqlardan üstün olmalıdır: “Xalq birliyi daha yüksək səviyyədə olmalıdır. Azərbaycan özü elə Qarabağdır. İnsanlar dəyişməlidir, ictimai maraq şəxsi marağı üstələməlidir".

Deputat Tahir Mirkişili isə qeyd edib ki, Qarabağın Azərbaycana aid olmaması ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur:

"Bunu ermənilər çox yaxşı bilir. Belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil. Ermənilər əsas diqqəti Qarabağın ərazi kimi deyil, ermənilərin, orada olan insanların məsələsini qaldırırlar. Bu, beynəlxalq diplomatiyada yeni yanaşmadır. İnsanların taleyi ərazi bütövlüyündən irəli keçməyə başlayıb. Sonuncu Suriya əməliyyatına fikir versəniz, heç bir ərazi bütövlüyündən söhbət getmir, daha çox insanların taleyi, təhlükəsizliyi əsas götürülür. Qarabağ artıq Azərbaycan ərazisi kimi deyil – bunu mübahisələndirən bir məsələ yoxdur – amma Qarabağın bütövlükdə Azərbaycan olması bizim diplomatiyamızda yeni bir mərhələdir. Bu mərhələdə hökmən Qarabağ dəyərlərini irəli sürməliyik. Qarabağla bağlı təbliğat işlərinin aparılması üçün fond yaradılması təklifini dəstəkləyirəm. Hər birimiz ildə bir manat fonda versək, 10 milyon manat vəsait edir. Hər addımda Qarabağın Azərbaycana aid olmasını önə çəkməliyik. Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək. Hamı bilir ki, münaqişənin həlli Azərbaycanda asılı deyil, amma günahkar da deyil... Bu məsələ hansı mərhələdə, hansı vasitə ilə həll olunacaqsa, biz ona hazır olmalıyıq”.

Günel Türksoy