“Bunu izah etmək çətindir”- - Rəşad Sadiqov

bunu-izah-etmek-cetindir-
Oxunma sayı: 878


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

O, bu gün Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində “Simurq”la üz-üzə gələcəkləri oyundan danışıb. Təcrübəli futbolçu ilk oyunda 0:3 hesabı ilə uduzmaqlarına baxmayaraq növbəti mərhələyə adlayacaqlarına ümid etdiyini bildirib: “Hamımız başa düşürük ki, cütün taleyini dəyişmək və bizim növbəti mərhələyə adlamağımız çox çətin görünür. Amma əlimizdən gələni etməliyik. Elə uduzmuşuq deyə təslim olmaq kimi fikrimiz də yoxdur. Zaqatala səfəri bütün komandalar üçün ağır keçir. İnanıram ki, biz bu dəfə ordan qalib ayrılıb istədiyimiz nəticəni əldə edəcəyik”.

Sadiqov ilk oyunda aldıqları böyükhesablı məğlubiyyətin səbəbini hələ də tapa bilmədiklərini sözlərinə əlavə edib: “İlk oyundakı məğlubiyyəti izah etmək çətindir. Özümüz də bilmirik ki, biz niyə bu hesabla uduzduq. Artıq həmin matç geridə qalıb. Vəzifəmiz və düşüncəmiz bugünki oyundan sərfəli nəticə əldə edib kubokda yola davam etməkdir”.

31 yaşlı yarımmüdafiəçi Roman Qriqorçukun komandaya gətirdiyi legionerlər haqqında isə bunları deyib: “Mən heç bir futbolçunun əməyinə qiymət verə bilmərəm. Bu rəhbərliyin və baş məşqçinin işidir. Onların komandaya xeyir verib-vermədiklərini də baş məşqçi və rəhbərlik müəyyənləşdirir. “Simurq”la ilk oyunda Dimitri Bezotosnının səhvlərinə gəlincə isə, bu hər bir futbolçunun başına gələ biləcək şeydir. Bu qapıçıya elə həmin oyundakı səhvə görə qiymət vermək olmaz”.

“Qəbələ” bu il nəyə ümid edir” sualına isə futbolçu belə cavab verib: “Rəhbərlik qarşımıza yalnız Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyub. Fərqi yoxdur biz Premyer Liqadan, yoxsa kubokdan bu vəsiqəni əldə edəcəyik. Buna inanırıq və yetərincə də gücümüz var”.

Elsevər