Ölkəmizdə baş verən ikinci devalvasiyanın nəticələri artıq özünü biruzə verir. Bir müddət öncə saytımızda gedən yazıda bunun futbolumuza da ağır zərbə vuracağını bildirmişdik.
Artıq bunun fəsadları görünür. Komandalarımızın transfer bazarında ləng olması, təlim-məşq toplanışı üçün ölkəmizdə qalması sırf maliyyə problemlərindən qaynaqlanır.“Qafqazinfo” futbolçuların bu mövzuda fikirlərinin maraqlı olduğunu nəzərə alaraq kiçik sorğu keçirib.
Rəşad Sadiqov (“Qəbələ”nin yarımmüdafiəçisi): “Klublara hansı ziyan dəyəcəyini zaman göstərər. Amma şəxsi olaraq futbolçuların büdcəsinə təsir edəcək. Biz də bundan əziyyət çəkəcəyik. Amma ümid edirəm ki, hər şey dəyişəcək. Daha yaxşı olacaq”.
Ruslan Abışov (“Qəbələ”nin müdafiəçisi): “Bunun acı təsirlərini artıq görürük. Bir neçə klubumuz xaricə gedə bilmədi. Təlim-məşq toplanışı üçün pul tapmayan güclü klublarımız ölkədə qaldı. Bu devalvasiya hər şeyə pis təsirini göstərəcək. Bundan heç kim qaça bilməz. Futbolçuların da şəxsi büdcəsinə ziyan dəyəcək”.
Rahid Əmirquliyev (“Qarabağ”ın yarımmüdafiəçisi): “Məncə, bu devalvasiya keçən il çətinləşən durumu bir az da çətinləşdirəcək. Futbolçularla yanaşı, klubların da büdcəsinə ciddi təsir edəcək. Böyük maliyyə olmayacaq, bahalı legionerlər gətirilməyəcək. Çox çətin olacaq. İlk devalvasiyadan sonra pis vəziyyətə düşən klublarımız özlərinə gəlməkdə daha böyük çətinliklərlə üzləşəcəklər”.
Kamal Bayramov (“Zirə”nin qapıçısı): “Biz də Azərbaycanda yaşayırıq. Təbii ki, çox təsiri olacaq. Klublarımızın bəzilərində vəziyyət müəyyən qədər pisləşib. Ümidlə yaşamaq lazımdır. Sadəcə bəziləri xalqı daha çox təşvişə salır. Boş-boş şeylərdən yazmaq yox, bunun çıxış yollarını axtarmaq lazımdır. Xalqa indiki vəziyyətdə dəstək olmaq lazımdır. Dövlət də bu vəziyyəti görür və çıxış yolunu bizdən daha yaxşı bilir. Yəqin ki, addımlar atılacaq, işlər görüləcək. Biz güclü olub bu vəziyyətə qalib gəlməliyik”.
Elnur Abdullayev (“İnter”in yarımmüdafiəçisi): “Devalvasiya hamıya təsir etdi. Biz futbolçulardan da yan keçmir. Hər şeyin yaxşı olacağına ümid etmək lazımdır”.
Elvin Məmmədov (“Qarabağ”ın yarımmüdafiəçisi): “Klubların büdcələri aşağı düşəcək. Komandaların puluna təsir edəcək. Bu da futbolçulara da ziyan verəcək”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər