“Burada məqsəd tamam başqadır” – - Millət vəkili

burada-meqsed-tamam-basqadir-
Oxunma sayı: 1182


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti, Milli Məclisin deputatı Azay Quliyev mayın 13-də Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə bildirib. A.Quliyev deyib: “Dünən Avropa Parlamentində bir qrup deputatın və Azərbaycanın maraqları ilə üst-üstə düşməyən QHT nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilib. Maraqlısı odur ki, bu dinləmələrdə səsləndirilən ittihamlar cəfəngdir və heç bir həqiqəti əks etdirmir. Məsələn, deyirlər ki, niyə Azərbaycana xarici jurnalistlərin gəlişi qadağan edilib. Təbii ki, bu, gülüncdür. Bilirsiniz ki, Azərbaycan Avropa Oyunlarını işıqlandırmaq üçün 1500-dən artıq jurnalisti qəbul etməyə hazırlaşır. Bundan əlavə, insan hüquqları, demokratiya ilə bağlı bir sıra digər məsələləri də qaldırırlar. Məsələnin mahiyyətinə vardıqda görürük ki, burada məqsəd tamam başqadır. Bu dinləmələrin təşkilatçılarından biri qondarma “erməni soyqırımı” ilə bağlı hazırlanan qətnamənin müəllifidir. Eyni zamanda, həmin dinləmələrin təşkilatçıları hər zaman Türkiyənin Avropa İttifaqına qəbul olmasının qarşısını almaq məqsədi güdüblər”.

Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə,  AP-də dinləmələrin alt qrupunda çıxış edən Yaşıllar Partiyasının nümayəndəsi bildirib ki, Oyunlarla bağlı Azərbaycana gedəcək jurnalistlərin siyahısı məsələsində problemlər var: “Onlar indidən artıq provakasiya əl atırlar. Halbuki jurnalistlər və qonaqlar üçün akkreditasiya prosesi başlanıb. Biz bir il öncə hüquq monitorinq qrupunun üzvləri ilə birgə Almaniyada mühacirətdə yaşayan 15 ailənin qonağı olduq. Onlar savadlı və ağıllı,vətənini sevən insanlardır. Sadəcə daha rahat yaşamaq naminə ölkədən gediblər. Biz ayrılan zaman onların uşaqları ağlayırdılar. Təklif edirəm ki, orada mühacirətdə olanlarla əməkdaşlıığı artırmaq lazımdır. Cinayət etməyən, siyasətlə bağlı olmayan həmin şəxslər vasitəsilə dövlətimizin maraqlarını təmin edə bilərik”.