“Buradakı müalicəmizi yarımçıq qoymasınlar” - Açıqlama

buradaki-mualicemizi-yarimciq-qoymasinlar
Oxunma sayı: 4133

“Bir ildir Türkiyədə müalicə alırıq, artıq səhəttimizdə yaxşıya doğru irəliləyişlər var. Bu gün bizi narahat edən əsas məsələ müalicələrimizin Azərbaycanda davam etdirilməsi ilə bağlı deyilən sözlərdir. Xahişimiz odur ki, müalicəmizi yarımçıq qoymasınlar”.

Bu barədə “Qafqazinfo”ya Türkiyənin Bursa şəhərində müalicə alan bir qrup qazi müraciət edib. “YAŞAT” Fondunun dəstəyi ilə xaricə gedən qazilər bununla bağlı videomüraciət yayıblar. 

Tovuz döyüşləri qazisi Kənan Nəsirov ölkəmizdə müalicə almaları üçün lazımi tibbi avadanlığın olmadığını deyir: “Burada müalicə alan qazilərin hamısı Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə iştirak edərək müxtəlif ərazilərdə onurğa-beyin və kəllə-beyin travması alıblar. Biz bir ildir müalicə alırıq, bir neçə aydır özümüzü yaxşı hiss edirik. Hansı ki, səhhətimizdə yaxşıya doğru irəliləyişlər var. Cənab Prezidentdən, ümumiyyətlə, Azərbaycan xalqından xahişimiz odur ki, müalicəmizi yarımçıq qoymasınlar. Azərbaycanda burada olan avadanlıqların əksəriyyəti yoxdur. Ona görə də xahiş edirik ki, bizi nəzərə alsınlar”. 

Məsələyə aydınlıq gətirmək üçün “YAŞAT” Fondu ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir: “İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq ondadır ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil”. 

Fonddan həmçinin bildirilib ki, hazırda Türkiyədə müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib. Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir: “Türkiyəyə müalicəyə göndərilməzdən öncə olduğu kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa heç bir səbəb yoxdur”.

Səidə Nurəmmədli