Buranın şəhər başçısı insanların evini dağıtmır- - Reportaj+Fotolar

buranin-seher-bascisi-insanlarin-evini-dagitmir-
Oxunma sayı: 1898


Türkiyənin Qara dəniz boyu yerləşən vilayət, şəhərləri arasında Samsunun öz yeri var. Əslində üzü Samsuna gedəndə yol boyu Rizə, Trabzon, Ordu kimi şəhərlər də öz gözəllikləri ilə bir elə fərqlənmir. Qarşıda Qara dənizin ucsuz-bucaqsız sahili, arxada alçaq dağlar, yaşıllıqlar içində batan şəhər. İnsanla təbiətin qovuşmasını seyr etmək adama rahatlıq, həzz verir. Buranın insanları nə təbiətin səliqəsini pozublar, nə də şəhər salmaqdan imtina ediblər. Sanki yol boyu şəhər içində kənd, kənd içində şəhərdən keçirsən. “Qafqazinfo” üçün tarixi şəhər olan Samsundan maraqlı olan təəssüratlarımı təqdim edirəm.

Hər yerdə “böyükşəhər sizlər üçün”  yazılıb

Türkiyədə vilayət və şəhərlərin idarə olunmasında bələdiyyələrin rolu böyükdür. Bizdə hələ də bu orqanın fəaliyyətinin konkret nədən ibarət olduğu bilinmədiyi halda, orada demək olar ki, şəhərin bütün problemlərini bu icraedici orqan üzərinə götürüb. Samsun özü də Atakum, Canik, İlkadım, Tekkekoy kimi dörd əraziyə bölünüb. Samsun Böyükşəhər Bələdiyyəsinin  rəhbəri Yusif Ziya bəyin sadə və əsil vətəndaş olmasını isə bu ərazidə gəzən zaman müşahidə etmək olar. Hətta şəhər bələdiyyə rəhbərinin hər yerdə insanlar üçün alqışlarını (“iyi günlərdə kullanalım”)əks etdirən tablolarını da görmək mümkündür. Şəhərin səliqə-səhmanı, insanların yaşayışı və istirahəti üçün yaradılmış şəraət hər şeydən xəbər verir. Hətta stolüstü salfetində belə “böyükşəhər sizlər üçün” yazılması insana verilən qiymətin göstəricisidir. Ən maraqlısı isə insanların avtomobil yolunu keçəndə, növbədə dayananda bir-birilərinə hörmət bəsləməsidir.  Şəhərin hər yerində bayraqları görmək isə hər addımda  türk insanını qürurlandırır. Yaşıllıqlar içində batan şəhərin ağacları belə hər gün yuyulur. Qurulmuş yaşıllıqlar, çəmənlər isə gözə xoş gəlsin deyə yox, insanların pik-nik etməsi, istədiyi kimi dincəlməsi üçündür. Bir sözlə, Samsun Böyükşəhər Bələdiyyəsi obrazlı səslənən “bu şəhər bizim sevdamız” məzmunlu şüarına sadiq qaldığını hər addımda sübuta yetirir. Deyilənlər tərif məqsədi daşımır, sadəcə bizdə əksik olanları belə yerdə daha aydın görürsən.

Samsuna “amazonlar diyarı” da deyirlər 

Samsunun görkməli yerləri arasında Amisos təpəsi və onun qarşısında Baltiparkda yerləşən “Amazon kəndi” xüsusi yer tutur. Amisos təpəsinə kanat vasitəsi ilə də qalxmaq olar. Burada miladdan əvvəl 3-cü yüzilliyə aid qəbir lər var. Əfsanəyə görə, əsrlər əvvəl döyüşçü qadınlar olan amazonların bir hissəsi də Samsunun Termə vilayətində Gölyazı deyilən ərazisində məskunlaşıblar. Bu səbəbdən Samsunda bu döyüşkən qadınların adını daşıyan böyük ərazidə maraqlı park salınıb. Məşhur iki şir heykəlləri, 20-yə qədər amazon heykəlləri, eləcə də “Amazon kəndi” adlı muzey ziyarət edilməyə dəyər. Bu maraq doğuran muzeydə amazon qadınlarının həyat tərzini əks etdirən səhnələr qurulub. Heykəllərin hazırlanmasında təbii insan gözləri, saçı, eləcə də xüsusi insan dərisinə bənzər silikondan istifadə edilib. Bu səbəbdən heykəllərə baxanda onun insan olduğunu zənn edirsən.

19 may –Samsuna Atatürkün tarixi səfəri

Samsuna “Atatürkün şəhəri” adı verilməsi tarixi məna daşıyır. 1919-cu il 19 mayda Atatürkün başçılığı ilə 76 nəfərlik heyyət Samsuna gəlmişlər. Bu gün Türkiyə tarixində “19 may günü” kimi qeyd olunur. Elə Türkiyənin ən böyük tədris ocağı olan və  Samsunda yerləşən On doqquz May Universiteti(OMÜ) də adını bu möhtəşəm təqvimdən alıb. Musatafa Kamal Atatürkün Samsuna gəldiyi gəmi hələ də Samsun sahilində qorunur. “Bandırma” adlı gəmi –muzey də Samsunun  görməli olan ən maraqlı yeridir. Tarixə nəzər salsaq “Bandırma” 1878-ci ildə İngiltərədə inşa edilmiş, 1894-cü ildə isə İstanbul limanına satılmışdır. Elə Mustafa Kamal da Samsuna səfər zamanı İstanbuldan gəlmişdi. “Bandırma” gəmi –muzeyinə gəlincə, muzeydə o zamanı əks etdirən tarixi eksponatlar, qazinin əşyaları, Atatürkün yataq və iş otağı, eləcə də bal-mum heykəlləri maraq doğurur. Atatürk və onun silahdaşlarını andıran mum heykəllərinin müəllifi Adil Çelikdir. Bir sözlə, muzeyi gəzən hər kəs sanki o dövrə qayıdır. 

Raminə Eyvazqızı