“Burda məndən əvvəl olanları danışmaq mənasızdır” - Rəşad Sadıqov

burda-menden-evvel-olanlari-danismaq-menasizdir
Oxunma sayı: 1051

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanla 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” sport24.az-a istinadən həmin müsahibəni təqdim edir

- Qarşılaşmanı şərh edərdiz...

- Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli oyun oldu.

- Öncəki matçlardakı rəqiblərlə bugünkünü müqayisə etsəz...

- Fərqli komandalardı. Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda feyr-pley qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdı. Çalışdılar ki, mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.

- Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi?

- Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü uşaqlar meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat olaraq deyim ki, bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 deyil. Digər tərəfdən, məşqçinin öz seçimidi  və istənilən yaşda olanı oynada bilər. Heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə, görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldu. "Bu gün mütləq qələbə qazanmalıyıq" deyə qarşımda bir məqsəd yoxdu. Əsas hədəfim odur ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək, nə olacaq, gəlməsək, nə olacaq... Qalan matçlarda qlobal bir dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belə olan halda, onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidi. Çalışacağıq ki, rəsmi oyunlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdi.

- Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü...

- Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydi. Mən özüm 1.80 boylü millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdu. İndi baxıram ki, məndən də balaca stoperlər var. Buna görə də alternativ şeyləri düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdı. Məşq ilə boyu düzəltmək olmaz.

- Fasiləyə qədər komanda daha baxımlı oyun göstərirdi. İkinci hissədə nə baş verdi?

- Birinci hissədə də təxminən 10 dəqiqə oyunun ritmini itirmişdik. Fasilədən sonra da ilk 10-15 dəqiqə çətin oldu. Amma ondan sonra başabaş oyun getdi. Sadəcə, matçın əvvəllərində elədiyimiz pressinqi sonadək davam etdirə bilmədik. Çünki rəqib də artıq ayılmışdı. Bu, normal şeydi. Uşaqları sürətli futbol oynamağa öyrəşdirməliyik. Bu nə qədər alınacaq, ya yox, görəcəyik. Nə qədər alınırsa, oyuna diqtə etməliyik. Təbii ki, bir baş üstün rəqib olarsa, artıq müdafiədən oynayacağıq. Ancaq bizdən çox az güclü olan rəqiblərə qarşı meydanda dominant olmalıyıq. Ən azından buna cəhd etməliyik.

- Bu komandanın əsas çatışmazlığı nədi? Bir də artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?

- Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burda nə olub-olmadığını müzakirə etmək mənasızdı. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə, öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də müəyyən vaxtlarda yaxşı nəticələr olub. Fəlsəfəm bir qədər fərqlidi. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə istəyirəm ki, daha da peşəkarlaşsınlar.

- İdman tonusu sevir. Ancaq bu uşaqlar klublarında çox meydana çıxmırlar...

- Məni əsas narahat edən məqam odu ki, bu futbolçular klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdi. Bu, əsas şərtdi. Klublarımızın məşqçiləri kifayət qədər peşəkardı. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiz. Əgər siz açlışsaz, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu uşaqların klubda oynaması şərtdi.