Burda qələmimi tormuzlaya bilmirəm

burda-qelemimi-tormuzlaya-bilmirem
Oxunma sayı: 3013


And olsun hər səhər ordan bizə baxıb gülən günəşə ki, bu ”möcüzələr ölkəsində” mən artıq təəccüb hissimi itirmişəm. Harda, nə vaxt, hansı situasiyada itirdiyimi tam olaraq xatırlamıram. Gördüklərinə, eşitdiklərinə, oxuduqlarına təccüb eləmək də bir yerə qədərdi. O yerdən sonra təəssüf, təəssüfünsə adiləşdiyi yerdə artiq ürəkbulantısı başlayır.

Yeri gəlməmişkən, hər yazanın yazar olmadığı kimi hər ürəyi bulanan da Sartr olmur.

Adamı yazmağa vadar eləyən ya təəccüb, ya təəssüf ya da.... hissləridi.

Ki, o “ya da...” da saxladığım şey hər nəmənədisə o bizim məmləkətdə yoxdu. Varsa da mən kar, kor, ya da nankoram yəqin. Təəccüb hissimi də itirmişəm - Dedim, amaa eşidib, görüb, oxuyub, yaşadıqlarıma da eləcə baş bulayıb keçəcək qədər əhlikef ola bilmirəm. Beləcə hər dəfə bütün xəyalqırıqlıqlarımı götürüb klavyaturaya pənah aparıram.

Heç bilmirəm, dərdimizin hansından yazım, hansı qalsın gələn şikayətnaməyə. Yox əşşi, bura ki, ”mövzular ölkəsidi”. İndi ağlıma gələnləri yazım, gələn dəfənin də gələn mövzuları olacaq.

And olsun, müğənni, müəllim, yazar və jurnalistlərimizin dünyagörüşünə baxıb, yerimizə utanıb buludların arxasına girən aya ki, neçə müddətdi içimi yeyib-tökən bu şikayət məktubunu yazıb sizi də pessimizmə yuvarlamamaq üçün özümü xeyli sıxmışam. Ama bu həftə dünya ədəbiyyatının canlı klassiki sayılan Q.Q Markesin ölümünə bizim xalq artistlərinin münasibəti, daha dəqiqi, münasibətsizliyi mənə növbəti təəssüf hissini yaşadaraq basdığım səbrimin sonuna çıxdı.

İncəsənətimizin inciləri

Elə ilk olaraq şikayətimə təəssüf hisslərimin sözə çevrilməsinə “stimul” verən səbəbkar, daha doğrusu günahkarlardan başlayım.

Bəli, məhs günahkarlar.

“Əyri oturub düz danışaq” deməyəcəm, çünki əyri yerlərindən öz psevdo həqiqətlərini bu millətə sırımağa çalışan dil pəhləvanları ucbatından bu xalq düzdə də qalıb.

Bir dənə də mübaliğəsiz düz fikrimlə söhbətimin mustafasına gələcəm.

Etiraf eləyək ki, Amalya Pənahova, Flora Kərimova, Aybəniz Haşımova, Nazpəri Dostəliyeva- bu sənətçilərə də Azərbaycanın canlı klassikləri demək olar. İndi pis- yaxşı, birincisi olanımız budu, ikincisi də ki, burda artıq zövqə görə subyektiv fikir yazmağın yeri yoxdu. Sözsüz ki, 15-20 ildən sonra balalarımızın Aztv-də baxacağı “İncsənət inciləri” adlı verlişlərdə bu sənətçilərin haqqında efirdolusu danışacaqlar.

Q.Q. Markesin öldüyü gün bir jurnalist zəng vurub, bu sənətçilərə yazarın vəfat etdiyini bildirərək,onu tanıyıb-tanımadıqlarını soruşmuş, canlı klassiklərimizin cavabları bir sözlə, tragikomik olub.Sağolmuşlar, Markesi rəsmən manıs çıxardıblar.

Nə yalan deyim, hamısı bir yana, Flora Kərimovadan heç gözləməzdim... Bu yerdə nədənsə Sezen Aksunun müsahibələrinin birində Nitşenin əsərləri haqqındakı səsləndirdiyi dolğun fikirlərə necə heyran qaldığımı xatirladım. Zənnimcə əlavə sözə gərək yoxdu. Klasisklərimizin bu dünyagrüşündən sonra biz Nadirin, Röyanın, Rəqsanənin bayağılığına ancaq ağız dolusu susa bilərik.

Ziya(n)lılarımız

Bu susmaq deyilən zəhrimar ki var, çox məşəqqətli bir zaddı. Məsələn, ən son qeyri-səmimi qəlbdən susmaq istəmişəm görkəmli mütəfəkkirimiz Altay Göyüşov sosial şəbəkədə ayaqqabılarını puluyla təmizlətməkdən necə zövq aldığını bəh-bəhlə yazanda. Başqasına ayaqqabı sildirməkdən alınan zövq, bu burjua təfəkkürü şəxsən məndə təssüf də yox e, ikrah yaradır.

Yeri gəlmişkən, yaxın keçmişdə təqribən buna oxşar bir söhbətə görə bir qohumumla mübahisə etmişdim.

Deməli, xalaoğluma heç cür anlata bilmədim ki, alt paltarlarını, corablarını,ayaqqabılarını həyat yoldaşına yudurdub-təmizlətmək qeyri etikdi. O isə təkidlə öz fikrində qaldı. Onun fikrincə bu xidmət qadının ərinə vəzifə borclarından biridi.

Qayıdaq müəllimlərimizə. Yox, Altay müəllimə ta sözüm yoxdu!!!

Sadəcə qayıdıb tüpürmək istəyirəm ən şərəfli, ən müqəddəs peşə hesab elədiyim müəllimlik peşəsini bu səviyyəsiz və mənəviyyatsız adamların ümidinə buraxan təhsil qatillərinin üzünə. Bilmək istəsəniz aqressiyamın səbəbi, bu günlərdə gözəllik salonlarının birində əməliyyatdan yenicə çıxmış gözlərimə inanmaq istəməsəm də gördüklərimdi.

Bəlkə də yazacaqlarım xanım oxucular üçün köhnə söhbətdi, amma ayda-ildə bir dəfə yolu gözəllik salonuna düşən məndəniz üçün yox.

Deməli, bir bazar günü gözəlliyimə gözəllik qatmaq üçün getdiyim salonda 1-2 saat qalmalı oldum. Məndən bir az sonra hırnaşa-hırnaşa salona girən 5-6 ortayaşlı həmcinslərim, onların geyimləri, danışıq tərzləri, söhbətlərinin mövzuları, bir sözlə, düşüklükləri salonda əmməlli- başlı genəl ev atmosferi yaratdı. Təsadüfən bunların bir neçəsinin məktəb direktoru, qalanlarının isə müəllimə olduğunu öyrənəndə ürəkbulanmam birə-beş artdı.

Bu ölkənin gələcəyi olacaq balalarımızı görün hər-səhər kimlərin müəllimlik etdiyi məktəblərə yola salırıq.

Desək ki, bütün bu cəhalətinmi desəm, rəzalətinmi, heç bilmirəm. - Səbəbi toplumun kitabsızlığındandı, vallah doğru çıxmaz. Çün yaxşı mütaliəsindən əmin olduğum bir ziyalımızın, o ziyalı ki, illərin peşəkar jurnalisti, özü də sayt rəhbəri olan Anar Niftəliyev problem yaşadığı qarşı tərəfi yıxıb sürüdüyü bir yazısında guya söyüş kimi işlətdiyi bir cümlə çoxdan itirdiyim heyrət hissimi az qala bərpa edirdi. Yox, qətiyyən ağlınıza gəlməsin ki, Anar bəy qarşı tərəfə söyüş kimi bu ölkəni çapıb-talayan, xalqın haqqını basıb-yeyən, sonra da çıxıb sosial şəbəkələrdə harınlıqlarını nümayiş etdirərək bizə acıq verən hansısa şərəfsiz, mənəviyyatsız, vicdansız oliqarx ya da onların övladlarının adı ilə çağırırdı. Bəy söyüş kimi Samir Bağırovun adından istifadə etmişdi. O Samir Bağırov ki, heç kimə özünə məxsus olmayanı vermir. Və bütün bunlar bir yana, bir jurnalistin tək “suçu” cinsəl azlıq olmaq olan bir insanın adından təhqir kimi istifadə etməsi sadəcə növbəti tragikomediyamızdı.

Gələcəyə kitab-kitab bəhanələrlə

İqtisadi,siyasi, sosial,mədəni sahələrində bu qədər paradoksallıq olan ölkədə (mövzular ölkəsi ) hər şey ədəbiyyata çevrilmək üçün yazarını gözləməkdədi. Yazarlar da gəlib çıxıb, ama bütün enerji və istedadlarını yaza bilməməklərini ört-basdır etmək üçün bəhanələr uydurmağa xərcləyirlər. Məsələn, biri Pərviz Cəbrayıl, bir roman yazıb susub. Daha doğrusu, bütün ömrünü həsr etdiyi “ədalət savaşında” qarşı tərəfdən əsir götürülərək susdurulub. Dindirəndə də deyir ki, bəs “Azərbaycanda mərhumiyyətlərin heç bir perispektivi yoxdur”, Açması, “qarşılarında maddi öhdəliyim olan ailəm var”

Başqa bir misal. Şərif Ağayar. - O da iki dənə bioqrafik əsər yazıb tükənib. Onun da yazmamasına bəhanə olaraq göstərədiyi kifayət qədər maddi-məişət sorunları var. Di gəl ki, arkadaşımız bu bəhanələrlə kifayətlənməyib  vurğunu olduğu aşıq yaradıcılığının instrumentini (sazı) illərdi basıb döşünə, təkidlə iddia edir ki, bəs “Anar kreslosunu dirəyib qələmimin ucuna, imkan vermir yazarlıq potensialımı reallaşdıram”

Xob, buna da bir quş...

Gələlim “kifayət qədər maddi problemim olmasına baxmayaraq bütün ömrümü yaradıcılığıma adamışam” prinsipilə çıxış edən Seymur Baycana.

Seymur Baycan digər qələmdaşlarından fərqli olaraq tez-tez kitab çap elətdirir. Di gəl ki, bu kitablarda öz əsərləri yox, bəyənib, oxucularına da oxumasını şiddətlə məsləhət gördüyü əsərlər toplusu olur. Bu məsləhətkeş yazarımızın bir müsahibəsindəki fəxrlə, hələ bir az da minnətlə “Mən hər gün bir kitab oxuyuram” deməsinə gülməyimi saxlasam da, burda qələmimi tormuzlaya bilmirəm. Nümunəvimi görünmək istəyir? Yazarın belə bir öhdəliyi yoxdu axı. Uzağa getməyib yazımda sözügedən yazardan bir misal çəkəcəm. Q.Q Markes “Hüzünlü fahişələrim”i bu qədər gözəl yazması üçün fahişələri həyatına gətirməsi, onlarla necə vaxt keçirməsi məni zərrə qədər maraqlandırmır. Müəllifin gücü əsərə qədərki yolllarda yox, əsərdə oxucusunu “ana yola” çıxarmaq üçün “cığırlara” sala bildiyi işıqlardadı.

Bir neçə cümlə də ədəbiyyatda ağbirçəklik ştatı açmaq istəyən Günel Movlud barəsində.

Günel Mövludun 1-2 babat şeir cızma-qara etməsindən, (1-2 yaxşı şeir yazmaq elə də istedad istəyən bir şey deyil) yazımın qəhrəmanlarından birinə çevrilən Q.Q Markesin “Yüz ilin tənhalığı” və bir neçə tərcümələrini çıxsaq, ortaya belə bir sual doğar – “Günelin ədəbiyyata nə dəxli?”

Hardasa bütün yaradıcılığını qızların “verib-verməməsinə” həsr edən Seymur Baycanın mənəvi bacısı hesab oluna biləcək Günel Mövlud illərdi bu həftə çıxan köşəsində üzünü tutub qızlara deyir: - “Üz-gözünüzü yolub, qabağınıza çıxana verin”, gələn həftəki köşə yazısında isə “Sizin tüklünüz nədi ki, yolunmuşunuz da nə ola?! Manıs gəldiz, civi də gedəssiniz” yazır.

Adama deməzlərmi, “ay bacı, mal onların- məsləhət onların... Könüldü- istəyərlər verərlər, istəməzlər saxlayıb turşuya qoyarlar” Bu qədər dərdin-odun içində bir yazarın, publisistin yaza biləcəyi 7777-ci dərəcəli problemdi sənin yazdıqların.

Oturub Avropanın göbəyində hələ qərar verəmmirsən Avropa yaxşıdı, yoxsa Azərbaycan. Eləcə ordan qarnını qabağa verə-verə “Tüpürün nikah kağızınıza, hamınız boşanın” kimi kütləvi bəyanatlar verirsən. Deyəlim ki, bütün bunları hamiləlik dönəmindəki psixoloji həssaslığına verib biz səni bağışladıq. Bəs sənin “bəyanatlarını” hansı kitabın arasına qoyub uşaqlarımızın oxuması üçün gələcəyə ötürək?!

Təsəvvür edin, 20 il sonra uşaqlarımız məktəbdə ədəbiyyat dərsindədi. Və müəllim bu qeyd etdiyim imzalar haqqında uşaqlara danışır.

- Potensial yazarlarımız Pərviz Cəbrayıl - məişət problemlərinə görə,

Şərif Ağayar - məişət problemləri və Anarın kreslosu nədənilə,

Günel Mövlud isə mövqesizlik sindiromundan əziyyət çəkdiyinə görə bu “2000-cilər” ədəbiyyat tariximizdə elə potensial yazar olaraq da qalmaqdadırlar.

Seymur Baycan isə artıq test mövzusu olacaq.

Seymur Baycan niyə bu qədər kitab oxuyurdu?

a)Yazmaq istədiyi üçün

b) Yaza bilmədiyi üçün

c) Niyə yaza bilmədiyini bilmək üçün

d) Oxuduqlarını yazmaq üçün

e) Cavablardan hamsı doğrudu

 “Helen” adında yaxşı bir Amerikan filmi var. Film depressiaya düşmüş musiqi akademiyasinın iki müəlliməsindən bəhs edir. Qadınlardan birinin adı Helendi. Depressiaya düşməsinə baxmayaraq, Helenin xoşbəxt bir ailəsi var. Digəri isə, tamamən yalnız olan Mathildadı. Həkim sağalmaları üçün yeganə yolun elektroşok olduğunu bildirdiyi gecə həmin xanımlar gedib şəhərin ızsız bir köşəsində oturub birlikdə susurlar. Nəhayət Mathilda sükutu pozaraq intihar etməyi təklif edir. Helen razılaşmır. Və Mathildaya özünü öldürməməsi üçün o an ağlına gələn hər fikri deyir. Matihlda isə deyir: - “Mənə yaşamaq üçün bir səbəb de” Helen susur. Və Matihlda o gecə intihar edir.

Helen filmin sonunda bütün riskləri gözə alıb elektroşoka razı olur. Və sağalır. Təbii ki, Helenin yaşamaq üçün son ana qədər çabalamasının səbəbi vardı. - Ailəsi.

Sonda yazıdakı pessimistliyimə görə sizdən üzr istəməyə hazıram. Bir şərtlə ki, mənə sənətçi, ziyalı, müəllim, yazarları bu gündə olan, gələcəyə bu elita ilə gedən bir ölkədə qalıb yaşaya bilmək üçün təsəlli dolu bir  arqument gətirin…