Bursada Heydər Əliyevin 95 illiyi təntənəli şəkildə qeyd olunub - Fotolar+ Video

bursada-heyder-eliyevin-95-illiyi-tenteneli-sekilde-qeyd-olunub
Oxunma sayı: 4490

Abşeron RİH-nin təşkilatçılığı ilə Türkiyədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu çərçivədə Abşeron rayonunun nümayəndə heyəti qardaş ölkənin Bursa vilayətinə səfər edib.

2008-ci ilin iyun ayında Abşeron rayonu ilə qardaşlaşmış şəhər elan edilən Bursa vilayətindəki “Qapalı Qaya” massivində salınan Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən biridir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Bu çərçivədə qardaş ölkənin Bursa vilayətində Abşeron rayon İcra Hakimiyyəti və Bursa vilayətinin yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Heydər Əliyev Parkında təşkil olunan tədbirə Abşeron RİH başçısı İradə Gülməmmədova, Türkiyənin Yıldırım bələdiyyəsinin sədri İsmail Hakkı Edabali, millət vəkili Hüseyin Şahin, Bursa vali köməkçisi Yunus Fatih Kadiroğlu, Yıldırım İlçə  Kaymakamı Mehmet Aydın, AK Partiyası Yıldırım İlçe Başkanı Oktay Yılmaz, Qars Ardahan İğdır Dərnəklər başqanı Savaş Qurban və çox sayda sakin  qatılıb.

Əvvəlcə Abşeron rayon nümayəndə heyəti və Bursa hakimiyyət orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə İradə Gülməmmdova Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. 

İ.Gülməmmədova Ulu öndərin “Bir millət, iki dövlət” ifadəsini və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikirlərini xatırladaraq Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən bəhs edib.

İcra başçısı qeyd edib ki, Ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib: “Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır”.

Yıldırım bələdiyyə sədri İsmail Hakkı Edabali çıxışında qardaş iki ölkənin qardaşlaşan şəhərləri olaraq Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə bir yerə toplaşdıqlarını bildirib. İsmail Hakkı Edabali türk dünyasının böyük oğlu Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin inkişafındakı xidmətlərini vurğulayaraq bundan xalqlarımızın yararlandığını deyib. Bildirib ki, Heydər Əliyevə Bursada ucaldılan abidə Türkiyənin XX əsrin türk dünyasının ən güclü siyasi xadiminin xatirəsinə göstərdiyi ehtiramın və sonsuz sevginin təzahürüdür.

AK partiyadan olan millət vəkili Hüseyin Şahin türk millətinin şanlı tarixinin hər dövründə böyük liderlər yetişdirdiyini söyləyib: “Bu liderlərdən biri də Heydər Əliyevdir. Onun Azərbaycanda hakimiyyətə gəlişindən sonra qardaş ölkədə çiçəklənmə dövrü başladı. Yaratdığı yeni dövlət quruculuğu ilə bərabər Azərbaycanın bölgədə inkişaf və tərəqqisini, sabitliyini təmin etdi. Türk milləti tarixinin ən çətin günlərində belə qəhrəmanlar, belə dövlət xadimləri və siyasətçilər yetişdirir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi mühüm tarixi rol oynayıb”.

Ziyarətdən duyduğu məmunluğu dilə gətirən Yıldırım İlçe Kaymakamı Mehmet Aydın  qeyd edib ki, Bursa və Abşeron həm sosial,  həm də mədəni baxımdan bir-birlərinə bənzəyən iki qardaş şəhərlərdir: “Yıldırım bələdiyyəsi ilə imzalanmış qardaşlıq protokolu bizim keçmişdən bəri var olan qardaşlıq münasibətlərimizi daha da artırır. "Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı da qardaşlığımızın Bursada ki, bariz nümünəsidir. Bu mənada  “Bir millət, iki dövlət” deyərək Azərbaycan ilə qardaş olduğumuzu bir daha nümayiş etdirmiş olduq”.

Tədbirə geniş konsert proqramı ilə yekun vurulub.