Bütün qatarlarda kondisioner nə vaxt olacaq?

butun-qatarlarda-kondisioner-ne-vaxt-olacaq
Oxunma sayı: 2204

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC Tarif Şurasının metroda gediş haqqını qaldırması ilə bağlı mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov qatarlarda kondisioner məsələsinə də toxunub. O, bildirib ki, kondisioner sisteminin hazırda xətlərdə olan əvvəlki nəsil qatarlara tətbiq edilməsi mümkünsüzdür:

“Çünki istehsalçı zavodla razılaşdırılmalıdır, təkliflər müzakirə olunub. Vaqonun mühəndis texniki quruluşu dəyişdirilməlidir, bu da vaqonun tarazlıq prinsipinin pozulması ilə nəticələn bilər. Buna görə də bu məsələ gündəmdə deyil. Metropolitendə keyfiyyət və rahatlığın artırılması üçün daimi addımlar atılır. Yeni 4-cü nəsil qatarlar alınır. Sizin dediyiniz kimi kondisionerli qatarlar alınır və bundan sonra da alınan bütün qatarlarda kondisioner olacaq. Bu məsələ addım-addım həyata keçiriləcək. Bunun üçün hazırda xətdə olan köhnə vaqonlar istismar müddətini başa vurmalıdır. Daha sonra onlar xətdən çıxarılıb yeni vaqonlar alınacaq. Eyni zamanda yeni tikilən stansiyalar üçün də təzə qatarlar alınacaq”.

Murad Əhməd