“Bütün sahələrdə sudan qənaətlə istifadə olunmalıdır”

butun-sahelerde-sudan-qenaetle-istifade-olunmalidir
Oxunma sayı: 4563

“Son 10 ildə Azərbaycanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur".
 

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bu gün nazirlikdə keçirilən brifinqdə çıxışı zamanı deyib.

A.Verdiyevin sözlərinə görə, monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır.

O qeyd edib ki, analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövrdə də sululuqda azalma müəyyən olunub.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova çıxışında qeyd edib ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisinin az olmasına çalışmaq lazımdır: "Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur. Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev bildirib ki,  son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 1° Selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir: “Bunun nəticəsində ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 km3-a yaxın idisə, son illərdə bu azalaraq 9 km3 düşüb. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir. Eyni zamanda içməli sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacib məsələlərdən biridir".