AFFA İntizam Komitəsinin “Kəpəz” - “Qəbələ” oyununda baş verənlərə görə qonaqlara verdikləri cəzaya əyalət təmsilçilərinin rəsmiləri etiraz edib və orada ciddi insident baş vermədiyini bildirib. “Qafqazinfo”ya açıqlama verən matçın 4-cü hakimi Orxan Məmmədov da hadisələrə aydınlıq gətirib.
Referi “qırmızı-qaralar”ın rəsmilərinin hakimləri vurduqlarını, vurmağa cəhd etdiklərini bildirib: “Oyunda fasilə yarandır. Hamıdan qabaq soyunub-geyinmə otağına mən getdim. Düzdür, onlar mənə qarşı hər hansı təzyiq göstərmədilər. Lakin Əliyar Ağayev və yan xəttə hakimləri soyunub-geyinmə otağına qalxarkən klub rəsmiləri onlara hücum çəkməyə çalışdı. Tanımadığım, sonradan adını öyrəndiyim Səbuhi Qarayev söyə-söyə hakimlər briqadasına təpik atmağa başladı. Mən də həmkarlarımı qorumaq üçün onların önünə keçdim və təpiklər mənə dəydi.
Sonra polislər məsələyə müdaxilə etdi. Hakimləri arxa qapıdan çıxardılar. Bir də gördüm ki, Səməd Nəsibov söyə-söyə hakimləri vurmağa cəhd edir. Onun da qarşısını aldılar. Səbuhi Səfiyarlı və Zaur Əzizov, bir də komandanın həkimi söyüş söyüb, təhqir edirdilər. Heç bilmədim də hansı epizoda etiraz edirlər. Çıxıb indi deyirlər ki, hakimləri vurmamışıq. Niyə demədim ki, digərləri vurdular? Çünki o, elə hərəkət etməmişdi. Səbuhi vurmuşdu ki, protokola onun adını yazmışdıq”.
Son xəbərlər
Son Xəbərlər