Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı mərasimdə nitq söyləyib.
“Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”, - deyən dövlət başçısı cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğulayıb. Bildirib ki, bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır.
İdmançıların mənzil-məişət problemlərinin həll olunduğunu, bütün ölkədə mükəmməl idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran prezident İlham Əliyev son bir neçə ildə Bakıda gözəl memarlıq əsərləri olan möhtəşəm idman obyektlərinin istifadəyə verildiyini bildirib. İdmanın kütləviliyinin təmin olunmasının əsas şərt olduğunu vurğulayan dövlət başçısı deyib ki, bizə sağlam gələcək, sağlam millət lazımdır.
Son illərdə Azərbaycanda beynəlxalq idman yarışlarının davamlı olaraq keçirildiyini, artıq dünya və Avropa çempionatlarının Bakıda təşkilinin adi hala çevrildiyini qeyd edən İlham Əliyev bütün bunları beynəlxalq idman aləmi tərəfindən Azərbaycana göstərilən diqqətin təzahürü kimi xarakterizə edib. Prezident İlham Əliyev ötən il tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunlarının idmançılara və qonaqlara ölkəmizlə yaxından tanış olmaq imkanı verdiyini deyib.
“Dünya gördü ki, Azərbaycan inkişaf etmiş, müasir ölkədir və bu ölkənin güclü idmançıları var”, - deyən dövlət başçısı vurğulayıb ki, birinci Avropa Oyunları bizim tarixi qələbəmiz və nailiyyətimizdir. Bu, Azərbaycan dövlətinin zəfəridir.
Azərbaycan prezidenti ötən ay Bakıda keçirilən və beynəlxalq reytinqdə mühüm yer tutan, tamaşaçı auditoriyası 500 milyon olan Formula-1 Avropa Qran-prisinin respublikamızın və Bakının təbliği baxımından mühüm tədbir olduğunu bildirib, yarışın ölkəmizin turizm potensialının inkişafında xüsusi rol oynayacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da bir daha ölkəmizin özünəməxsus xüsusiyyətlərini əks etdirir. Bu, həm də onu göstərir ki, dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artır. Cəmi 25 illik müstəqilliyi dövründə Azərbaycan böyük yol keçib və inkişaf edən ölkəyə çevrilib.
“Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”, - deyən prezident İlham Əliyev bütün idman yarışlarının bir sınaq olduğunu qeyd edib.
Vurğulayıb ki, ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir.



Son xəbərlər
Son Xəbərlər