“Vağzalı” mütləq olmalıdı?

vagzali-mutleq-olmalidi
Oxunma sayı: 658

Hadisə təxminən belə olub. Əslən Quba rayonundan olan, çoxuşaqlı ailədə böyümüş Günay adlı 18 yaşlı qız xoşbəxtlik dalınca Bakıya gələrək ərzaq mağazalarının birində satıcı işləyir. İşləyən vaxtlarda Rüfət adlı oğlanla tanış olur və onlar bir-birini sevirlər. Gizlinlərdə görüşməkdən bezən gənclər evlənmək, birgə yaşamaq qərarına gəlirlər. Rüfət Günayı yaşadığı evə, anasının yanına aparası olur. Oğlu üçün elçi getmək, qızın ata-anasıyla tanış olmaq, özünə təzə qohum tutmaq, borc-xərc eləyib brilyant qaşlı üzük almaq, şadlıq evində toy eləmək, tamadaya pul verib oyun havası çaldıraraq oynamaq, bəyi şux kostyum-qalstukda görmək, “Vağzalı” havası altında gəlin gətirmək arzusuyla alışıb-yanan ana oğlunun belə problemsiz nigahına kəskin etiraz edir. Rüfətlə Günay ananı başa salmağa çalışırlar ki, onsuz da bu arzulara maddi imkanları yoxdu, onlar bir-birini beləcə qəbul eləyib yaşamaq istəyirlər. Onun ürəyindən keçənləri eləmək üçün gənclər indən belə illərlə işləyib pul qazanmalı, əlləri bir-birinə dəymədən hərəsi bir tərəfdə qocalmalıdı.
Nəhayət, onlar, zor-xoş, birgə yaşamalı olurlar. Günay qayınanası Nailə Məmmədovanı “mama”, yəni ana deyə çağırır. Təcrübəsiz gəlinin mehriban davranışlarına baxmayaraq ailədə daima ziddiyyət olur. Toy olmadan sevdiyi oğlanla şəhvət yaşadığına görə özünü həmişə gözükölgəli aparan Günay hər şeyə dözməli olur. Ərinin daimi iş yeri və davamlı qazancı olmadığından qızcığaz səhərdən axşamacan mağazalarda satıcılıq eləyir, ailənin maddi ağırlığına sinə gərir. Evə gələn kimi qolunu çırmayaraq hər işi özü görür. Əsəb və iş gərginliyindən bətnindəki körpəni iki dəfə itirməli olur. Həyat yoldaşını doğma anasından ayırmamaq üçün Günay kirayə evə çıxmağa da razı olmur, birtəhər dolanaq, deyir. Beləcə, üç illik ailə həyatı gəlib keçir.

Bu arada ailə gərginliyindən canını qurtarmağa çalışan Rüfət həyat yoldaşı Günayı hamilə vəziyyətdə qoyaraq başını götürüb “qazanc” dalınca Rusiyaya qaçır. Gedəndə söz verir ki, uşaq doğulana qədər mütləq gələcək. 21 yaşlı gəlin bətnindəki 7 aylıq körpəsini yenidən itirməmək, daxili gərginliyi azaltmaq üçün öz valideynlərinin yanına gedir. Valideynləri onu, qayınanasından betər, tənəli sözlərlə qarşılayır. Sevdiyi insana toysuz ərə getdiyinə görə Günay burda da qonum-qonşu dedi-qodusuna dözməli olur. Beləcə, uşağın doğulma vaxtı gəlib çatır. Valideynləri onu doğum evinə tək yola salırlar. Xəstəxanada qalan müddətdə 21 yaşlı gənc ananın yanına bir tanışı, doğması da gəlib dəymir.

Günay bir həftədən sonra Saleh adlandırdığı oğlu qucağında qayınanasının yanına qayıdır. Nailə Məmmədova onu qətiyyən özünə yaxın buraxmaq istəmir. Günay başa düşür ki, o, qucağındakı körpəsi ilə heç kimə lazım deyil. Getməyə yeri olmayan ana soyuq qış günü körpə ilə bu vəziyyətdə çölə atılmasın deyə qayınanasına yalvararaq birtəhər evə girə bilir.

...Həyat yoldaşından bir xəbər yox, doğma valideynləri yaxın qoymur, qayınana evdən dışlayır, özü bir yerdə işləməsə acından öləcək. Bəs, ana işə gedərsə körpəyə kim baxacaq? Sarsıntıdan özünü itirən 21 yaşlı ana uşağı itirməmək üçün etibarlı yerə təhvil vermək istəyir. Balasını nə vaxtsa tapmaq arzusu ilə, doğum tarixini, adını, anasının adını, çəkisini bir kağıza yazıb körpə Salehin qoluna bağlayır və onu bələkdə 1 saylı Tibbi Kliniki Mərkəzin qarşısına qoyur. Xəstəxana işçiləri körpəni tapandan sonra axtarıb Günayın özünü də tapırlar. Uşağın doğma anasını tapırlar, tapan kimi də donmuş qanunlarımızın buzu əriyir, hərəkətə gəlir, işə düşür. Bizim qanunlar miskin, əlacsız, kasıb görən kimi dərhal taxta çıxır. Ananı tapsalar da doğma balasını ona göstərmək istəmirlər. Ola bilsin, ana bu Günay deyil, deyirlər. Hər gün səhiyyənin inkişafından danışan ölkənin o boyda klinikasında bunu ayırd eləyə bilən laboratoriya tapılmır.
İndi hamı gənc ananı günahkar görür. Polis şöbələri ondan ifadə alır, hüquqçular onu analıq haqqından silmək istəyir, cəmiyyət onu söyür. Ancaq insanları bu duruma salan, doğulan uşağın haqqını yeyən hakimiyyətə, körpəni əkib qaçan ataya, düşük adət-ənənələrin quluna çevrilmiş valideynlərə bir söz deyən yoxdu.

Bəs bu qızcığazdan nə istəyirsiniz? Həyatın bütün ağırlıqlarını belinə yüklədiyiniz bir gəncin sevmək, dünyaya uşaq gətirmək haqqı yoxmu? Atılmış, kimsəsiz, dayaqsız 21 yaşlı ana öz körpəsini qorumaq üçün özgə hansı qəhrəmanlıqlar eləməlidi ki, manyak cəmiyyətin ürəyi soyusun? “Vağzalı” havası olmasa olmazmı?