“Valokardin gətir ana” - Şeir

valokardin-getir-ana-seir
Oxunma sayı: 3174




Valokardin

Döş cibimdə valokardin.

Gəzdirirəm valokardin.

Anam məndən hey soruşur:

"Axı nədir, bala dərdin?


Axı sənin nə yaşın var,

Bükülürsən yumaq kimi?

Səni görmək istəyirəm

Əyilməyən bir dağ kimi.

Ürəyindən ağrı qopur,

Sinəm olur para-para.

Söylə, xəstə ürək hara,

Mən böyüdən oğul hara?

Qurban olum, at biryolluq

O zəhrimar papirosu,

Qurban olum, o masanın

Üstündəki yazı-pozu

Qoy yarımçıq qalsın,

Mənə gərək deyil adın-sanın.

Sən gərəksən mənə, oğul,

Ağrımasın təki canın."

Ağrımasın!

Kim istəyər

Öz canından gileylənə?

Yazıq anam ilhamı da

Qənim sayır indi mənə.

O, nə bilsin ürəyimi

Nə ağrıdır, nə göynədir.

Sevincimdən xəbəri var,

Xəbəri yox dərdim nədir.

Dərdim nədir? -

Qoy özüm də

Cavab verim bu suala.

Neştər olub sancır məni

Dərd ürəkdə qala-qala.

Mənə ləkə vuran olsa,

Ürək dözər.

Mənə tələ quran olsa,

Ürək dözər.

Ürəyimi qıran olsa,

Ürək dözər.

Öz atamın silləsinə,

Bir dostun söz gülləsinə

gərib sinə,

Ürək dözər.

Qara nəfəs ucalsam da

Şerin çətin pilləsinə,

Ürək dözər.

Bir dostumun

məzarını qucaqlasam,

Ürək dözər.

Ürəyimdə gizli-gizli

Mən ağlasam,

Ürək dözər!

Ürək dözər!

Bu ağrıya

Valokardin gərək deyil.

Bir ürək ki, əzab çəkmir,

Ürək deyil, ürək deyil!

Ürək dözmür, nadan sənə

Alim kimi dərs deyəndə.

Öz işinin xatirinə

Susub onu dinləyəndə.

Ürək dözmür gizlədəndə

Ürəyinin sözünü sən,

Ürək dözmür bilə-bilə

İkiləyib özünü sən,

Evdə bir cür danışasan,

İşdə bir cür.

Ürək dözmür,

Ən müqəddəs duyğuların

Ürəyindən çıxıb köçür,

Ürək dözmür hiylələrə,

Ürək dözmür yalanlara.

Ürək dözmür həm sənətkar,

Həm "diplomat" olanlara.

Sən ürəyi aldadırsan,

Ürək səndən acıq alır,

Ürəyində sağalmayan

Ağrı qalır, acı qalır.

İnləyirsən, bükülürsən,

Sübhə kimi keşiyində

Ana qalır, bacı qalır.

Deyir: - Nədir, bala, dərdin?

- Valokardin verin mənə,

Valokardin!

- Gəl nəbzimi yoxla, ana!

- Oğul nəbzin yaxşı vurur.

-Yuxla ana, yuxla ana ,

Dincəl barı.

Bəlkə mənim öz cəzamdır

Ürəyimin ağrıları .

Öz cəzamdır! -

Bu ağrıya,

Bu əzaba gərək düşəm,

Mən dilimlə ürəyimin

Arasına sədd çəkmişəm.

Dodağımdan çıxmasa da,

Ürəyimi üzə-üzə

Gizli qalan cəsarətim

Ağrı olub çıxır üzə.

Hər ürəyim ağrıyanda

Demə: "Nədir, bala, dərdin?"

Valokardin gətir ana,

Valokardin!